“Mançester Yunayted”in sabiq baş məşqçisi Ser Aleks Ferqyuson “Old Trafford” stadionundan xəstəxanaya aparılıb. Bu barədə Daily Mail məlumat yayıb.
84 yaşlı mütəxəssis İngiltərə Premyer Liqasının 35-ci turunda “Mançester Yunayted” — “Liverpul” oyunu başlamazdan az əvvəl özünü pis hiss edib. Məlumata görə, Ferqyuson ehtiyat tədbiri kimi həkim nəzarətinə götürülüb. Onun yaxın vaxtlarda evdə müalicəsini davam etdirəcəyi gözlənilir.
Ferqyuson 1986–2013-cü illərdə “Mançester Yunayted”i çalışdırıb. Onun rəhbərliyi altında komanda 13 dəfə İngiltərə Premyer Liqasının qalibi olub, 5 dəfə ölkə kubokunu qazanıb və 2 dəfə UEFA Çempionlar Liqasının kubokunu başı üzərinə qaldırıb. Bundan əlavə, “Mançester Yunayted” onunla birlikdə Klublararası dünya çempionatını, Qitələrarası kuboku, Avropa Kubok Qalibləri Kubokunu, UEFA Superkubokunu və 4 dəfə İngiltərə Liqa kubokunu qazanıb.

