Donald Trump yeni qlobal idxal rüsumlarını qüvvəyə mindirib. İlkin olaraq həftəsonu 15 faiz elan edilsə də, faktiki tətbiq olunan məbləğ 10 faiz təşkil edib. Bu barədə Financial Times ABŞ gömrüyünün bildirişinə istinadən yazıb.
Yeni tariflər çərşənbə axşamı saat 00:01-dən (ABŞ-ın şərq sahili vaxtı ilə) qüvvəyə minib.
U.S. Customs and Border Protection idxalçılara göndərdiyi məlumatda bildirib ki, rüsum dərəcəsi ilkin mərhələdə 150 gün müddətinə 10 faiz olacaq və istisnalar nəzərdə tutulmadığı halda bütün ölkələrə şamil ediləcək. Bu barədə NBC News də məlumat yayıb.
Ağ Ev qərarı təsdiqləyərək qeyd edib ki, administrasiya rüsumları 15 faizə qaldırmaq üzərində işləyir. Lakin bunun üçün ayrıca prezident sərəncamı tələb olunacaq.

