Çin Yaxın Şərqdən enerji idxal etsə də, tədarükün dayanmasına qarşı kifayət qədər hazırlıqlıdır.
Bu barədə investisiya bankiri Yevgeni Koqan öz Telegram kanalında yazıb.
Onun sözlərinə görə, hazırda vəziyyəti qeyri-müəyyən olan Hörmüz boğazı vasitəsilə Çinin idxal etdiyi xam neftin təxminən yarısı və mayeləşdirilmiş təbii qazın (LNG) üçdə biri daşınır. Lakin buna baxmayaraq, Çin böyük strateji neft ehtiyatları topladığı üçün idxal tam dayansa belə aylarla bu ehtiyatlardan istifadə edə bilər.
Ekspert qeyd edib ki, qaz ehtiyatları da ölkəyə ən azı bir ay kifayət edir. Bundan əlavə, Çinin alternativ enerji mənbələri mövcuddur – ölkə Rusiyadan və Mərkəzi Asiyadan boru kəmərləri vasitəsilə qaz alır, həmçinin digər LNG təchizatçıları ilə işləyir.
Beləliklə, analitikin fikrincə, Pekin mümkün enerji şokuna qarşı özünü bir neçə ay irəliyə qədər sığortalaya bilib.
Onun sözlərinə görə, Çin üçün əsas risk qlobal enerji qiymətlərinin artması ola bilər. Çünki ehtiyatı az olan ölkələr daha çox enerji almağa çalışdıqca dünya bazarında qiymətlər yüksələ bilər.

