Ermənistan ərikləri üçün Rusiya bazarının bağlanması ölkənin bu məhsulun xaricə satışından əldə etdiyi gəlirin beşdə dördündən çoxunun itirilməsi ilə nəticələnə bilər.
“RİA Novosti” milli statistika xidmətlərinin məlumatlarına istinadən yazır ki, ərik ixracı ənənəvi olaraq maydan oktyabradək olan isti aylarda həyata keçirilir.
2025-ci il mövsümünün yekunlarına görə, Ermənistanın ərik ixracından əldə etdiyi ümumi valyuta gəliri 12,2 milyon ABŞ dolları təşkil edib.
Bu məbləğin 10,3 milyon dolları, yəni bütün ixrac gəlirlərinin 83,9 faizi Rusiyanın payına düşüb. Beləliklə, Ermənistanın ərik ixracında yalnız bir alıcıdan asılılığının son dərəcə yüksək olduğu üzə çıxıb.
Ötən il Ermənistan əriklərini Gürcüstan, Belarus və Birləşmiş Ərəb Əmirlikləri də idxal edib. Lakin bu ölkələrin alış həcmi Rusiyanın aldığı məhsulun miqyası ilə müqayisəolunmaz dərəcədə az olub.

