ABŞ Federal Ehtiyat Sistemi (FED) 2023-cü ildən bəri ilk dəfə faiz artımına gedib. FED uçot dərəcəsini gözləntilərə uyğun olaraq 25 baza bəndi artıraraq 3,75–4 faiz aralığına yüksəldib. FED-in açıqlamasında qərarın yekdilliklə qəbul edildiyi bildirilib.
FED-in əvvəlki rəhbəri Cerom Pauellin dövründə faizlərin aşağı salınması üçün davamlı təzyiq göstərən və Kevin Uorşun vəzifəyə gəlməsi ilə ümidləri artan ABŞ Prezidenti Donald Tramp bu dəfə gözləmədiyi qərarla üzləşib.
Faizlərin artırılması qərarına sərt reaksiya verən Tramp ABŞ-də faiz dərəcələrinin xeyli aşağı olması lazım olduğunu bildirib.
“ABŞ-də faiz 1 faiz və ya daha aşağı olmalıdır. ABŞ üçün faiz dərəcələrini aşağı salın, özü də sürətlə”, – Tramp deyib.
Kevin Uorş Cerom Pauelli FED rəhbəri postunda əvəz etdikdən sonra Trampın quruma yönəlmiş tənqidləri demək olar ki, dayanmışdı. Tramp hətta Uorşun “həddindən artıq siyasi” adlandırdığı digər FED rəsmiləri tərəfindən faizləri artırması üçün təzyiq altında saxlanıldığını iddia etmişdi.
Lakin Uorş avqustun sonunda çıxışı zamanı əsas qiymət təzyiqlərində nəzərəçarpacaq yaxşılaşma olmadığını və inflyasiyanın mərkəzi bankın 2 faizlik hədəfinə doğru irəlilədiyinə dair yeni əminlik yaranmayacağı təqdirdə FED-in “görməli olduğu işlərin” olduğunu bildirmişdi.

