Səudiyyə Ərəbistanı Hörmüz boğazı ətrafındakı böhran fonunda ciddi iqtisadi qazanc əldə edir. Bu barədə Bloomberg məlumat yayıb.
Agentliyin məlumatına görə, neft qiymətlərinin artması krallığın neft gəlirlərini müharibənin ilk tam ayında 24,7 milyard dollara çatdırıb. Bu, son üç ildən çox müddətdə ən yüksək göstəricidir.
Ər-Riyad üçün əlavə üstünlük isə İran-İraq müharibəsindən sonra inşa edilən Şərq-Qərb neft kəməri olub. Bu kəmər nefti Hörmüz boğazından yan keçməklə, Qırmızı dəniz sahilləri üzərindən ixrac etməyə imkan verir.
Bloomberg qeyd edir ki, böhran Səudiyyə Ərəbistanının Asiya, Afrika və Avropa arasında böyük logistika mərkəzinə çevrilmək planlarını da sürətləndirib. Qırmızı dənizdəki Səudiyyə limanları vasitəsilə yük tranziti artır, hakimiyyət isə Neom layihəsinin logistika rolunu genişləndirməyi nəzərdən keçirir.
Bununla belə, agentlik BƏƏ və Omanın da alternativ marşrutları inkişaf etdirməsi səbəbindən rəqabətin gücləndiyini bildirir. Bundan əlavə, Qırmızı dənizə çıxış husilərin yaratdığı təhlükələrə görə riskli olaraq qalır.
Bloombergin qiymətləndirməsinə görə, Hörmüz boğazı açılsa belə, yük axınlarının bir hissəsi uzun müddət alternativ marşrutlara yönələ bilər.

