Tbilisi yaxınlığında yerləşən Tabaxmela qəsəbəsində coğrafiya müəllimi ölü tapılıb. Bu barədə TV Pirveli telekanalı məlumat yayıb.
Məlumata görə, təxminən 50 yaşlı qadın özəl məktəblərdən birində müəllim kimi çalışırdı. O, səhər işə getmək üçün evdən çıxsa da, dərsə gəlməyib.
Günorta saatlarına yaxın patrul polisi onun avtomobilini meşə kənarında yolun kənarında park edilmiş vəziyyətdə aşkar edib.
Avtomobilin yaxınlığında isə qadının güllə yarası olan meyiti tapılıb.
Hadisə yerində istintaq tədbirləri təxminən üç saat davam edib. Bildirilir ki, hüquq-mühafizə orqanları artıq mərhumun işlədiyi məktəbin direktorunu da dindiriblər.
Hazırkı mərhələdə polis intihar versiyasını əsas ehtimal kimi nəzərdən keçirir. Gürcüstan Daxili İşlər Nazirliyi bildirib ki, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi – intihara sövq etmə maddəsi ilə araşdırma başlanıb.

