Hondurasın Kolon departamentində 21 yaşlı rəqqasə Sindi Loani Matute Morales qaçırıldıqdan sonra öldürülüb.
“Need To Know” nəşrinin məlumatına görə, gənc qadın sentyabrın 5-də axşam saatlarında dostları ilə keçiriləcək əyləncəyə qatılmaq üçün evdən çıxıb, lakin bundan sonra onunla əlaqə saxlamaq mümkün olmayıb.
Ertəsi gün, sentyabrın 6-da qəbiristanlıq yaxınlığındakı çimərlikdə onun yanmış meyit qalıqları aşkarlanıb.
Moralesin anasının sözlərinə görə, qızı faciədən əvvəl həyatından qorxurdu. O, bir müddət öncə işindən ayrılmış və yaşayış yerini dəyişmişdi. Buna səbəb isə onu izlədiyini düşündüyü şübhəli şəxslər olub.
Ana həmçinin bildirib ki, bir dəfə naməlum şəxslər avtomobillə onları təqib ediblər.
Hazırda istintaq Sindi Moralesin həyatının son saatlarını və kimlərlə əlaqədə olduğunu müəyyənləşdirməyə çalışır. Məqsəd hadisədə şübhəli bilinən şəxsləri müəyyən etməkdir.
Morales yaşadığı şəhərdə tanınan rəqqasələrdən biri olub. O, festivallarda çıxış edir, müxtəlif tədbirlərdə model kimi də çalışırdı. Yoxa çıxmazdan bir neçə gün əvvəl karnavalda etdiyi rəqs sosial şəbəkələrdə geniş yayılmışdı.

