Filippinin cənubunda məktəbdə baş verən atışma nəticəsində 6 nəfər ölüb, daha 17 nəfər ağır yaralanıb.
Ölkənin Sosial Rifah və İnkişaf Nazirliyinin “X” sosial şəbəkəsində yaydığı məlumata görə, hadisə Mindanao adasında, Cənubi Kotabato əyalətinin Banqa bələdiyyəsində baş verib.
“Dəqiqləşdirilmiş məlumatlara əsasən, altı şagirdin öldüyü təsdiqlənib, daha 17 nəfər isə ağır yaralanıb”, – nazirliyin məlumatında bildirilib.
İlkin məlumatlara görə, atəş açan şəxs də ölüb. Hadisədən sonra bələdiyyə ərazisindəki məktəblərdə dərslər müvəqqəti dayandırılıb.
“Reuters”in məlumatına görə, hücumu törətməkdə şübhəli bilinən şəxs 16 yaşlı yeniyetmə olub və hadisədən sonra intihar edib.

