Honkonqda 2023-cü ildə qətlə yetirilən məşhur model və bloqer Ebbi Çoyun keçmiş əri və onun ailə üzvlərinin məhkəməsi başlayıb.
28 yaşlı modelin qətlində keçmiş əri və onun iki qohumu ittiham olunur.
People nəşrinin məlumatına görə, Ebbi Çoy 2023-cü il fevralın 21-də itkin düşüb. İki gün sonra onun parçalanmış cəsədinin qalıqları Honkonqun Tay Po rayonundakı Lun Mey kəndində yerləşən evdə aşkar edilib.
İstintaq zamanı evdə elektrik mişarı və ətçəkən maşın tapılıb. Modelin cəsədinin qalıqları soyuducuda və qazanlarda aşkar edilib.
Hadisədən bir gün sonra modelin keçmiş əri Aleks Kvonq Honkonqu tərk etməyə çalışarkən bərə terminalında saxlanılıb. Daha sonra onun atası Kvonq Kau və qardaşı Entoni Kvonq da həbs ediliblər.
Məlumata görə, varlı ailədən olan Ebbi Çoyun şəxsi sərvəti 100 milyon Honkonq dolları həcmində qiymətləndirilib. Model 2015-ci ildə boşansa da, keçmiş həyat yoldaşı ilə aralarında Honkonqdakı lüks daşınmaz əmlakın mülkiyyət hüquqları ilə bağlı mübahisə davam edib.
İstintaq qətlin əsas səbəbinin məhz əmlak mübahisəsi olduğunu ehtimal edir.

Cinayətin əsas təşkilatçısı kimi keçmiş polis əməkdaşı Kvonq Kau göstərilir. İstintaqın məlumatına görə, hadisənin baş verdiyi evi məhz o kirayələyib.
Modelin keçmiş qayını Entoni Kvonq isə uzun müddət onun sürücüsü işləyib. O, qətlin baş verdiyi gün də Çoyu avtomobillə aparıb.
Hər üç təqsirləndirilən şəxs ittihamları rədd edir.
Aleks və Entoninin anası isə 2025-ci ildə bir il altı ay müddətinə azadlıqdan məhrum edilib. O, dindirmə zamanı yalan ifadə verməkdə və cinayətdən sonra Aleksin ölkədən qaçmasına kömək etməkdə təqsirli bilinib.

