Hindistanda iş adamının qayadan yıxılaraq ölməsi ilə bağlı aparılan araşdırma gözlənilməz nəticələr ortaya çıxarıb.
İstintaq 26 yaşlı Ketan Aqarvalın ölümünün nişanlısı və onun sevgilisi tərəfindən əvvəlcədən planlaşdırılmış qətl olduğunu ehtimal edir.
“The Tribune” qəzetinin məlumatına görə, hadisə iyunun 18-də Pune şəhəri yaxınlığındakı Lohagad qalasında baş verib.
İş adamının nişanlısı Siya Qoyal polisə müraciət edərək Aqarvalın foto çəkdirərkən güclü külək səbəbindən qayadan yıxıldığını bildirib.
İlkin olaraq hadisə bədbəxt hadisə kimi qiymətləndirilsə də, sonradan qızın ifadələrində ziddiyyətlər aşkarlanıb. Bundan əlavə, təhlükəsizlik kameralarının görüntülərində başlıqlı geyimdə olan naməlum kişi qeydə alınıb.
Araşdırmalar nəticəsində polis Siya Qoyal və onun sevgilisi olduğu iddia edilən Çetan Çaudharini qətldə ittiham edib.
Sentyabrın 19-da Pune polisi məhkəməyə 5 053 səhifəlik ittiham aktı təqdim edib. Cinayət işi üzrə Siya Qoyal, Çetan Çaudhari və onların tanışı Riteş Hange təqsirləndirilən şəxslər qismində cəlb olunublar.
İstintaq materiallarına əsasən, şübhəlilər əvvəlcə qətli həyata keçirmək üçün başqa bir şəxsi cəlb etməyi planlaşdırıblar. Lakin həmin şəxsin onların niyyətini ifşa edə biləcəyindən ehtiyatlanaraq bu fikirdən daşınıblar.
Bundan sonra onlar cinayəti özləri törətmək qərarına gəliblər. Şübhəlilərin qətl hadisələrini araşdırdıqları, kriminal filmlərə baxdıqları və cinayətin üstünün açılmaması yolları barədə podkastları dinlədikləri bildirilir.
İstintaqın versiyasına görə, hadisənin baş verdiyi yer də təsadüfən seçilməyib. Şübhəlilər daha əvvəl bir qadının həlak olduğu Lohagad qalasında Aqarvalın ölümünün də bədbəxt hadisə kimi qiymətləndiriləcəyini düşünüblər.
Araşdırma zamanı Siya Qoyalın bundan əvvəl də iki dəfə nişanlısını öldürməyə cəhd etdiyi iddia olunub. Belə ki, əvvəlki səfərlərdən birində onun Aqarvalı qayadan itələməyə çalışdığı, lakin kişinin özünü saxlaya bildiyi bildirilir.
İş adamının ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam edir.

