Qırışların yaranmasının qarşısını almaq üçün erkən botoks iynələri vurmağa ehtiyac yoxdur. Bunu kosmetoloq İrina Bıstrova NEWS.ru-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu prosedur üzdə asimmetriya yaranması və preparata həssaslığın azalması kimi risklərlə müşayiət oluna bilər.
“Botulin toksini iynələrinə erkən başlamağın məqsədəuyğunluğu məsələsi kifayət qədər maraqlıdır və bir çox amillərdən asılıdır. Buraya pasiyentin fərdi seçimi, kosmetoloqun rəyi və dərinin ümumi vəziyyəti daxildir. Botoks mimik əzələlərin həddindən artıq aktivliyinin və dərin qırışların yaranmasının qarşısını alır. Lakin nəzərəçarpan qırışlar yoxdursa, erkən prosedur daha çox estetik seçimdir, tibbi zərurət deyil.”
İrina Bıstrova qeyd edib ki, bir çox gənc pasiyent gələcəkdə görünüşündə dəyişikliklərin qarşısını almaq üçün belə prosedurlara müraciət edir. Onun sözlərinə görə, botoksun kiçik dozaları belə uzunmüddətli effekt verə bilər, lakin preparat əzələlərin hərəkətliliyini azaldaraq emosiyaların ifadəsinə təsir göstərə bilər.

Kosmetoloq bildirib ki, ciddi yan təsirlər nadir hallarda baş versə də, allergik reaksiyalar, üz asimmetriyası və digər arzuolunmaz nəticələr riski mövcuddur. Bundan əlavə, təkrar iynələr preparata həssaslığın azalmasına səbəb ola bilər və gələcəkdə daha yüksək dozalar tələb oluna bilər.
Mütəxəssis vurğulayıb ki, adətən kosmetoloqlar botulin toksini iynələrini yaşa görə deyil, dərinin vəziyyətinə əsasən tövsiyə edirlər. İlk davamlı dəyişikliklər – məsələn, qaşarası qırışlar, alın xəttləri və göz kənarında “qarğa ayaqları” görünəndə prosedur barədə düşünmək olar.
Sonda İrina Bıstrova bildirib ki, erkən botoks iynələrindən əvvəl mütləq həkim müayinəsi və konsultasiyası lazımdır. Onun sözlərinə görə, dərinin müntəzəm qulluğu – təmizləmə, pilinq, keyfiyyətli nəmləndirici kremlər, serumlar və toniklər – qırışların qarşısını almaq üçün daha faydalıdır.

