Qəhvənin tərkibində olan kofeinin müntəzəm qəbulu piylənmədən əziyyət çəkən insanlarda astmanın inkişaf ehtimalının azalması ilə əlaqəli ola bilər. Bu qənaətə 2007–2020-ci illər üzrə ABŞ-ın genişmiqyaslı NHANES layihəsinin məlumatlarını təhlil edən tədqiqatçılar gəliblər.
Araşdırmanın nəticələri Journal of Asthma jurnalında dərc olunub.
Alimlər təxminən 32 min yetkin şəxsin qidalanma vərdişləri və sağlamlıq vəziyyəti ilə bağlı məlumatları araşdırıblar. Onların arasında astmalı bir neçə min pasiyent də olub.
Müqayisə göstərib ki, piylənmədən əziyyət çəkən insanlar arasında kofeinin daha yüksək qəbulu statistik baxımdan astma riskinin daha aşağı olması ilə əlaqəlidir. Orta hesabla bu risk təxminən 17 faiz az olub. Kişilərdə isə bu əlaqə daha aydın və qeyri-xətti xarakter daşıyıb — təsir müəyyən qəbul səviyyələrində daha da güclənib.

Əlavə analiz mümkün mexanizmlərə də işıq salıb. Müəlliflərin hesablamalarına görə, qoruyucu təsirin təxminən 15 faizi bağırsaq mikrobiotasındakı dəyişikliklərlə, xüsusilə də iltihabın tənzimlənməsində iştirak edən Collinsella cinsi bakteriyalarla bağlı ola bilər.
Genetik metodlar da kofeinin kortikosteroidlərə həssaslığa təsir edən yollarla əlaqəsini göstərib. Kortikosteroidlər astmanın müalicəsində istifadə olunan əsas iltihabəleyhinə preparatlar hesab olunur.

Müəlliflər vurğulayırlar ki, bu nəticələr astmanı qəhvə və ya kofeinli içkilərlə müalicə etmək tövsiyəsi kimi qəbul edilməməlidir. Bununla belə, araşdırma kofeinin piylənmədən əziyyət çəkən insanlarda astma riskini azalda bilən potensial faktor ola biləcəyini göstərir.

