DASH pəhrizi yüksək qan təzyiqinin qarşısını almağa və onu nəzarətdə saxlamağa yönəlmiş qidalanma modelidir. Bu sistem əsasən meyvə, tərəvəz, tam taxıl məhsulları, az yağlı süd məhsulları, yağsız proteinlər, balıq, paxlalılar və çərəzlərə üstünlük verir.
Araşdırmalar göstərir ki, DASH pəhrizi yalnız ürək-damar sistemi üçün deyil, beyin sağlamlığı üçün də faydalı ola bilər. Təxminən 160 min nəfərin iştirak etdiyi tədqiqatda bu qidalanma modelinə daha çox əməl edən insanlarda idrak zəifləməsi riskinin 41 faiz aşağı olduğu bildirilib.
DASH pəhrizinin ən güclü təsirlərindən biri qan təzyiqi ilə bağlıdır. Tədqiqatlarda bu qidalanma modelinə keçən insanlarda təzyiqin qısa müddətdə azaldığı müşahidə olunub. Hipertoniyası olan şəxslərdə sistolik təzyiqin təxminən 11 mmHg, diastolik təzyiqin isə 5,5 mmHg düşdüyü qeyd edilib.
Bu pəhrizin təsiri təkcə duzu azaltmaqla bağlı deyil. Onun əsas gücü kalium, maqnezium, kalsium və liflə zəngin olması, eyni zamanda doymuş yağ və əlavə şəkərin azaldılmasıdır. Bu balans damarların daha sağlam işləməsinə, xolesterinin nəzarətdə saxlanmasına və ürək-damar risklərinin azalmasına kömək edə bilər.
DASH pəhrizi arıqlamaq üçün hazırlanmasa da, bir çox insanda çəkinin təbii şəkildə azalmasına səbəb olur. Çünki lif və protein toxluq hissini artırır, işlənmiş və kalorisi yüksək qidaların payını azaldır.

Bu qidalanma modeli qan şəkərinə də müsbət təsir göstərə bilər. Tam taxıllar, tərəvəzlər və paxlalılar şəkərin qana daha yavaş keçməsinə kömək edir, bu da ani şəkər dalğalanmalarının qarşısını ala bilər.
DASH pəhrizinə keçmək üçün xüsusi məhsullar almağa ehtiyac yoxdur. Sadə başlamaq olar: hər yeməyə tərəvəz və ya meyvə əlavə etmək, ağ çörək və düyü əvəzinə tam taxıl məhsulları seçmək, qırmızı əti isə həftədə bir neçə dəfə balıq, toyuq, yumurta və ya paxlalılarla əvəz etmək kifayətdir.

Mütəxəssislər DASH tipli boşqabda balansı belə izah edirlər: boşqabın yarısı tərəvəz və meyvə, dörddə biri tam taxıl, qalan hissəsi isə protein mənbəyi olmalıdır.
Bununla belə, yüksək təzyiq dərmanı qəbul edən şəxslər həkimlə məsləhətləşmədən dərmanlarını dayandırmamalıdırlar. Xroniki böyrək xəstəliyi olan insanlar da ehtiyatlı olmalıdır, çünki DASH pəhrizi kaliumla zəngin qidaları artırır və bu, bəzi pasiyentlər üçün uyğun olmaya bilər.

