Yayda sərinləmək üçün dilim-dilim yediyimiz qarpızın təkcə şirəli qırmızı hissəsi deyil, içindəki qara tumları da qida maddələri ilə zəngindir. Çoxumuz qarpız yeyərkən tumları ayırıb düşünmədən atırıq. Halbuki qarpız tumlarının tərkibində dəmir, maqnezium və sink kimi minerallar var.
Bəs qarpız tumlarının faydaları nələrdir və onları necə yemək daha məqsədəuyğundur?
Qarpız tumlarının tərkibində sağlam doymamış yağ turşuları mövcuddur. Mənbədə qeyd olunur ki, bu yağlar damar sağlamlığının qorunmasına və xolesterinin balanslaşdırılmasına kömək edə bilər. Tumların tərkibində olan maqnezium da ürək və damar sisteminin normal fəaliyyəti üçün vacib minerallardan biridir.

Unutqanlığa qarşı qarpız tumunun faydaları nələrdir?
Qarpız tumlarında B qrupu vitaminləri və niasin də var. Bu maddələr sinir sisteminin normal fəaliyyəti üçün əhəmiyyətlidir. Mənbədə qarpız tumlarının zehni yorğunluğun azalmasına və yaddaşın qorunmasına kömək etdiyi, hətta yaş artdıqca ortaya çıxan bəzi nevroloji problemlərə qarşı faydalı ola biləcəyi bildirilir.
Qarpız tumları həmçinin sink və dəmir mənbəyidir. Bu minerallar immun sisteminin normal fəaliyyəti üçün mühüm rol oynayır. Mənbədə onların orqanizmin müqavimətinin qorunmasına dəstək verdiyi qeyd olunur.

Qarpız tumu dəri və saç üçün faydalıdırmı?
Tumların tərkibində antioksidantlar və müxtəlif minerallar mövcuddur. Mənbəyə görə, bunlar dərinin sağlamlığının qorunmasına, saç köklərinin qidalanmasına və dırnaqların möhkəmlənməsinə dəstək göstərə bilər.
Qarpız tumu necə yeyilməlidir, udmaq zərərlidirmi?
Qarpız tumları bütöv şəkildə udulduqda sərt qabığı səbəbindən tam həzm olunmaya bilər. Buna görə tumları yaxşı çeynəyərək yemək daha məqsədəuyğun hesab edilir.
Mədəsi həssas olan şəxslər tumları yuyub quruduqdan sonra əzərək istifadə edə bilərlər. Onları sobada yüngül şəkildə qovurub çərəz kimi yemək və ya üyüdərək salat, qatıq və içkilərə əlavə etmək də mümkündür.
Mənbədə hamilə və süd verən qadınların, eləcə də böyrək xəstəliyi olan şəxslərin qarpız tumlarından müalicə məqsədli və ya yüksək miqdarda istifadə etməzdən əvvəl həkimlə məsləhətləşməsi tövsiyə olunur.
Denmedia.az

