Panik atak zamanı əllərdə və ayaqlarda keyimə və iynələnmə hissi yarana bilər.
NEWS.ru-ya danışan Piroqov Universitetinin Kliniki Tibb İnstitutunun dosenti, tibb elmləri namizədi Elvira Xaçirovanın sözlərinə görə, panik atak adətən 5–30 dəqiqə davam edir və tədricən səngiyir.
Mütəxəssis bildirib ki, panik atak zamanı sinədəki ağrı daha çox kəskin, sancıvari, yerini dəyişən və ya müəyyən bir nöqtədə hiss edilən formada ola bilər. Ağrının nəfəs alarkən, bədəni döndərərkən və ya pozanı dəyişərkən dəyişməsi mümkündür. Adətən ağrı qola, çənəyə və ya kürəyə yayılmır.
Panik atak stress fonunda, qapalı məkanda, nəqliyyatda və ya hətta insan sakit vəziyyətdə olarkən başlaya bilər. Əllərdə və ayaqlarda keyimə və iynələnmə, ətrafda baş verənlərin qeyri-real görünməsi, güclü ölüm qorxusu, ürək döyüntüsünün sürətlənməsi, titrəmə və nəfəs çatışmazlığı da müşayiət olunan əlamətlər sırasında göstərilir.

Xaçirova panik atakla ürək tutmasının əlamətləri arasında fərqlərin olduğunu da qeyd edib. Onun sözlərinə görə, ürək tutması zamanı ağrı daha çox sıxıcı, təzyiqedici və ya yandırıcı xarakter daşıyır və döş sümüyünün arxasında, sinənin mərkəzində hiss olunur.
Belə ağrı sol qola, çiyinə, çənəyə, kürəyə və ya qarının yuxarı hissəsinə yayıla bilər. Ağrı nəfəs almaq və ya bədən vəziyyətini dəyişməklə adətən dəyişmir, fiziki hərəkət zamanı isə güclənə bilər. Mütəxəssisin sözlərinə görə, belə ağrı 20 dəqiqədən çox davam edə və getdikcə şiddətlənə bilər.

