Xərçəng xəstəliyi erkən mərhələlərdə demək olar ki, heç bir əlamət vermədən inkişaf edə bilər.
Onkoloqlar xəstəliyin vaxtında aşkarlanmasına kömək edə biləcək əsas xəbərdarlıq əlamətlərini açıqlayıblar.
HuffPost xəbər verir ki, onkoloqlar Kristofer Kann və Monişa Sinqh xərçəngin erkən diaqnostikasında müntəzəm tibbi müayinələrin və orqanizmdə baş verən dəyişikliklərə diqqət yetirməyin vacibliyini vurğulayıblar.
Kannın sözlərinə görə, xərçəngin bir çox əlaməti digər xəstəliklərdə də müşahidə oluna bilər. Buna görə də o, həkim tərəfindən təyin edilən müayinələrdən müntəzəm keçməyi tövsiyə edib.
Monişa Sinqh isə orqanizmdə baş verən və uzun müddət aradan qalxmayan dəyişikliklərə laqeyd yanaşmamağa çağırıb.
“Ən vacibi odur ki, siz öz bədəninizi hər kəsdən yaxşı tanıyırsınız. Buna görə də keçib getməyən istənilən dəyişiklik diqqətə layiqdir”, – deyə həkim bildirib.

Onkoloqların sözlərinə görə, davamlı yorğunluq, pəhriz saxlamadan çəki itirmək, sidik ifrazı və bağırsaq fəaliyyətində dəyişikliklər, udqunma çətinliyi, dəridə yeni ləkələrin yaranması və gecə tərləmələri diqqət yetirilməli olan əlamətlər sırasındadır.
Mütəxəssislər bu simptomların uzun müddət davam etməsi halında həkimə müraciət etməyi tövsiyə ediblər.
Qeyd edək ki, sadalanan əlamətlər yalnız xərçəngə xas deyil və digər sağlamlıq problemləri zamanı da yarana bilər. Dəqiq diaqnoz yalnız müvafiq tibbi müayinələr əsasında qoyula bilər.

