Yeni araşdırmada 20 məşhur zülal mənbəsi müqayisə edilib və tofu ümumi göstəricilər üzrə birinci yeri tutub.
Bu barədə tibbi mövzular üzrə jurnalist Coni Svit “Yahoo! Creators” üçün hazırladığı məqalədə yazıb. O, araşdırmanın nəticələrini təhlil edib və qidalanma mütəxəssisləri ilə danışaraq tofunun (tofu pendiri) niyə siyahıya başçılıq etdiyini araşdırıb.
Kembric Universitetinin tədqiqatçısı Kris Makdonald 20 zülal mənbəsini qida dəyəri, insan sağlamlığına təsiri, ətraf mühitə təsir, əlçatanlıq və qiymət kimi meyarlar əsasında qiymətləndirib. Nəticədə tofu 36 xalla birinci yeri tutub.

Siyahının ilk pillələrində əsasən bitki mənşəli məhsullar yer alıb. Tofudan sonra çia toxumu, lobya, kinoa, günəbaxan tumu və mərcimək qərarlaşıb. İlk onluğa daxil olan heyvan mənşəli məhsullar isə toyuq döş əti və tuna balığı olub.
Dietoloq Eliza Bremner tofunun həm faydalı, həm də mətbəxdə çoxşaxəli istifadə edilə bilən məhsul olduğunu bildirib. Tofunun tərkibində zülalla yanaşı B qrupu vitaminləri, dəmir, kalsium və doqquz əvəzolunmaz amin turşusunun hamısı var. Mütəxəssislər onu liflə zəngin tərəvəzlərlə birlikdə qəbul etməyi məsləhət görürlər.
Bununla belə, dietoloq Melani Mörfi Rixter vurğulayıb ki, bu nəticə tofunun hər kəs üçün “ən qidalı” zülal mənbəyi olduğu anlamına gəlmir. Reytinq yalnız qida dəyərini deyil, ekoloji təsir, qiymət və əlçatanlığı da birlikdə nəzərə alıb. Buna görə mütəxəssislər müxtəlif zülal mənbələrindən ibarət balanslı rasiona üstünlük verməyi tövsiyə edirlər.

