Yəməndə husilərlə beynəlxalq səviyyədə tanınan hökumət qüvvələri arasında döyüşlər yenidən kəskinləşib. Əsas toqquşmalar Taiz, Lahic və strateji Babülməndəb boğazı istiqamətində gedir. Reuters də son həftələrdə husilərin Qırmızı dəniz sahili boyunca irəlilədiyini və Babülməndəb yaxınlığında mövqelərini gücləndirdiyini yazıb.
Yəmənin rəsmi SABA agentliyinin məlumatına görə, parlament Prezident Şurasının sədri Rəşad Məhəmməd əl-Əliminin tələbi əsasında ölkədə “ümumi səfərbərlik və milli hazırlıq” elan edilməsini təsdiqləyib.
Yəmən ordusu son üç gündə husilərə qarşı yüzlərlə hücum həyata keçirildiyini və çoxsaylı itkilər verildiyini bildirir. Eyni zamanda mülki əhali arasında da itkilər artır; BMT son döyüşlərdə düşərgələrin və səhiyyə obyektlərinin də zərər gördüyünü açıqlayıb.
Son qarşıdurmalar 2022-ci il atəşkəsindən sonra Yəməndə ən ciddi hərbi eskalasiyalardan biri kimi qiymətləndirilir. Husilərin Babülməndəbə yaxınlaşması beynəlxalq gəmiçilik və Qırmızı dəniz marşrutları üçün də risk yaradır.

