ABŞ-nin Yuta ştatının sakini, 1985-ci ildə qətl ittihamı ilə ölüm cəzasına məhkum edilmiş Duqlas Stüart Karter girov qarşılığında azadlığa buraxılacaq.
Bu barədə CBS News məlumat yayıb.
Məlum olub ki, Karterin DNT-si cinayət yerində aşkar edilmiş və sonradan yenidən analiz olunan bioloji nümunələrlə üst-üstə düşməyib.
Duqlas Stüart Karter Provo şəhərinin polis rəisinin xalası Eva Olesenin qətlində ittiham olunub. 1985-ci ildə andlılar məhkəməsi onu ölüm cəzasına məhkum edib. Bununla belə, Karteri birbaşa cinayət yeri ilə əlaqələndirən maddi sübut olmayıb.
Hökm əsasən onun öz etirafına və iki şahidin ifadəsinə əsaslanıb. Həmin şəxslər Karterin qətli törətməsi ilə öyündüyünü bildirmişdilər. Lakin sonradan hər iki şahid ifadəsindən imtina edib.
2025-ci ildə Yuta Ali Məhkəməsi iş üzrə yeni araşdırmanın aparılmasına qərar verib. Buna səbəb istintaq və prokurorluq əməkdaşlarının yol verdiyi qanunsuzluqlar olub. Məhkəmə sübutların gizlədilməsi, yalan ifadə verməyə təhrik və məhkəmə prosesi zamanı saxta ifadələrin düzəldilməsi üçün bilərəkdən tədbir görülməməsi hallarının olduğunu müəyyən edib.
Karter isə günahsız olduğunu bildirir və etiraf sənədini polisin təzyiq və hədələri altında imzaladığını iddia edir.

