Yodun yüksək dozada qəbul edilməsi qalxanabənzər vəzinin fəaliyyətini yaxşılaşdırmaq əvəzinə, ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Endokrinoloq xüsusilə qalxanabənzər vəzi xəstəlikləri olan şəxslərə xəbərdarlıq edib.
Bu barədə endokrinoloq Yekaterina Yanq özünün “Telegram” kanalında məlumat verib.
Həkimin sözlərinə görə, son vaxtlar qalxanabənzər vəzinin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə yüksək dozada yod qəbulu geniş yayılıb. Lakin bu üsulun faydası sübut olunmayıb və bəzi insanlarda əks təsir göstərə bilər.

“Hipotireoz və yod çatışmazlığı həmişə eyni şey deyil. Üstəlik, yüksək dozada yod qalxanabənzər vəzinin hüceyrələrini zədələyə və buna meyilli insanlarda autoimmun prosesləri başlada bilər”, – deyə mütəxəssis bildirib.
Endokrinoloq qeyd edib ki, autoimmun xəstəlikləri olan şəxslər üçün yod tamamilə qadağan deyil. Lakin yod tərkibli preparatlar yalnız həkim nəzarəti altında qəbul edilməlidir.
Bununla yanaşı, yodla zəngin qida məhsullarının gündəlik rasiondan çıxarılmasına ehtiyac yoxdur.

