Onkoloq və hematoloq doktor Tinqtinq Tan uzun illərdir səhər yeməyində eyni qidaya üstünlük verir.
Xərçəngdən tam qoruyan hər hansı bir qida mövcud deyil. Buna görə mütəxəssislər ayrı-ayrı məhsullardan daha çox sağlam qidaların düzgün kombinasiyasına diqqət yetirməyi məsləhət görürlər.
EatingWell nəşrinə danışan onkoloq doktor Tanın sözlərinə görə, faydalı səhər yeməyi seçimlərindən biri yulaf sıyığını qaragilə, moruq kimi giləmeyvələr və qoz-fındıqla birlikdə yeməkdir.
Yulaf liflə zəngindir və bağırsaq sağlamlığını dəstəkləyir. Liflə zəngin qidalanmanın kolorektal xərçəng riskinin azalması ilə əlaqəli olduğu bildirilir. Yulafın müntəzəm istifadəsi həzm sisteminin fəaliyyətinə də müsbət təsir göstərə bilər.

Qaragilə və moruq isə antosianinlər və digər antioksidantlarla zəngindir. Bu maddələr hüceyrələri oksidləşdirici zədələnmədən qorumağa kömək edir.
Badam, qoz və pekan kimi çərəzlər də faydalı yağlar, bitki mənşəli zülal və polifenollar ehtiva edir.
Onkoloq menyunu dəyişmək istəyənlər üçün kinoa və çia toxumu, matça, giləmeyvə və badamla yulaf, həmçinin qatıq, qoz-fındıq və ədviyyatlarla müxtəlif sıyıqlar kimi alternativlər də tövsiyə edib.
Mütəxəssislər vurğulayırlar ki, heç bir qida və ya səhər yeməyi xərçəngin qarşısını təkbaşına ala bilməz; əsas rol ümumi qidalanma və həyat tərzinə aiddir.

