Sumqayıt şəhərində ictimai nəqliyyat sisteminin yenilənməsi istiqamətində növbəti addım atılır. Şəhərə yeni, müasir və iri həcmli 12 ədəd “Yutong” markalı avtobus gətirilir. Yaxın günlərdə şəhərə çatdırılacaq nəqliyyat vasitələrinin 7 nömrəli marşrut xəttinə verilməsi planlaşdırılır.
Bu barədə Denmedia.az-a Sumqayıt şəhər İcra Hakimiyyəti nəzdində fəaliyyət göstərən Nəqliyyat 1 MMC-dən məlumat verilib.
Qurumdan bildirilib ki, yeni avtobuslar iri tutumlu olmaqla yanaşı, sərnişinlərin rahat və təhlükəsiz daşınması üçün müasir standartlara cavab verir. Avtobusların geniş salonu, rahat oturacaqları və müasir texniki göstəriciləri 7 nömrəli xətt üzrə hərəkət edən sərnişinlərin nəqliyyat xidmətindən daha komfortlu istifadə etməsinə imkan yaradacaq.
Məlumata görə, yenilənmə işləri Zakir Fərəcovun tapşırıq və tövsiyələri əsasında həyata keçirilir. Məqsəd şəhərdə sərnişindaşıma sahəsində xidmət keyfiyyətini artırmaq, sıxlığın qarşısını almaq və vətəndaş məmnunluğunu təmin etməkdir.
Qeyd edək ki, son illər Sumqayıtda ictimai nəqliyyat parkının mərhələli şəkildə yenilənməsi istiqamətində ardıcıl tədbirlər görülür. Yeni avtobusların xəttə buraxılması xüsusilə 7 nömrəli marşrutdan istifadə edən sakinlər üçün mühüm yenilik hesab olunur.
Yaxın günlərdə avtobusların xəttə çıxarılacağı gözlənilir.

Ellada Rəsul
Denmedia.az

