Azərbaycan artan təsirə malik, regionda mühüm rol oynayan güclü dövlətdir. Onun müharibənin dayandırılması istiqamətində səylərdə iştirakı və mövqeyi böyük əhəmiyyət daşıyır.
Denmedia.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Kiyevdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında bildirib.
Sibiqa vurğulayıb ki, Ukrayna və Azərbaycan strateji tərəfdaşlardır.
Onun sözlərinə görə, Azərbaycan biznesi Ukraynada hər zaman fəal olub və Kiyev bu əməkdaşlığın daha da genişlənməsini istəyir.
“Azərbaycanlı dostlarımız üçün təkliflər paketimiz var. Ukraynaya enerji resurslarının tədarükünün şaxələndirilməsində də maraqlıyıq”, – deyə nazir bildirib.
Sibiqa əlavə edib ki, Azərbaycan təkcə Ukraynanın deyil, bütövlükdə Avropanın enerji təhlükəsizliyi üçün strateji əhəmiyyət daşıyır.
Nazir bu istiqamətdə fəal iş aparıldığını və tərəflərin əhəmiyyətli nəticələr əldə edəcəyinə əmin olduğunu bildirib.

