Bir neçə gündür sosial medianı sirkələyən ,süni mayalanma videosu ilə başlayan araşdırma, sağlamlıq sistemimizdəki xəstəlikləri bir daha üzə çıxardı. Təbii ki, bu bir zaman bir yerdə özünü onsuz büruzə verəcəkdi. Nədən? Çünki yalan ayaq tutar, yeriməz...
“Baylarsoylar” adı ilə tanınan bloqer Arifə Məmmədovanın sosial şəbəkələrdə paylaşdığı süni mayalanma prosesi ilə bağlı reklam xarakterli görüntülər geniş rezonans doğurdu. Görüntülərdə tibbi etikaya zidd olaraq əməliyyat zamanı çəkiliş aparılır, klinika ictimaiyyətə sanki tam ixtisaslaşmış EKM mərkəzi kimi təqdim edilirdi.
Lakin çox keçmədi ki, Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzi məsələyə müdaxilə etdi. Aparılan yoxlama zamanı məlum oldu ki, həmin klinikada ekstrakorporal mayalanma (EKM) prosedurunu aparmaq üçün tələb olunan maddi-texniki baza yoxdur. Klinikada yalnız ilkin hazırlıq mərhələsi həyata keçirilir, yəni faktiki olaraq tam EKM xidməti göstərilmirdi. Üstəlik, bu proseduru həyata keçirən həkim Vüsalə Rəhimova müvafiq ixtisas sənədlərini təqdim edə bilmədi. Klinikaya rəhbərlik edən şəxslərə sadəcə töhmət və xəbərdarlıqla kifayətlənilməsi isə çox sual doğurur. Başqa nə gözləyirdik ki? Dəyişməz mexanizim. Necə deyərlər köhnə hamam, köhnə... eh nə isə...
Əslində bu hadisə bir klinikanın fəaliyyəti ilə bağlı deyil, sistemli və təhlükəli bir problemin üzə çıxmasıdır. Bu gün həm dövlət, həm də özəl klinikalarda qeyri-peşəkar tibbi xidmətlər, reklam məqsədilə xəstələrin emosional vəziyyətindən istifadə edilməsi, sosial media vasitəsilə yanlış təəssürat yaradılması artıq adiləşib. İnsanların sağlamlıqla bağlı həssaslığı, xüsusilə də övlad arzusu kimi son dərəcə incə və psixoloji baxımdan çətin məsələlər, açıq-aşkar kommersiyalaşdırılıb.
Məsələ təkcə səhiyyənin kommersiyalaşdırılması ilə də bitmir. Bu kimi hallarda pasiyentin hüquqları pozulur, şəxsi həyatına müdaxilə olunur və insan sağlamlığı üzərində reklam qurulur. Səhiyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli əmri ilə təsdiqlənmiş “Həkimlərin etik davranış qaydaları” açıq şəkildə bu cür halları qadağan edir. Amma görünür, nəzarət ya formal aparılır, ya da nəticə vermir. Əgər bu hadisə sosial mediada yayımlanmasaydı, həmin klinikada yoxlama aparılacaqdımı?
Vətəndaşın canı, övlad arzusu, ümidləri və inamı bu qədər ucuz olmamalıdır. Klinika pasiyentin dərdini müalicə etməli, onunla sosial eksperiment aparmamalıdır. Amma indi klinikalar sosial mediada izlənmə uğrunda mübarizə aparır, tanınmış simaları “reklam üzvü” kimi istifadə edir. Ortada isə nə real müalicə var, nə də hüquqi məsuliyyət.
Bəs niyə ölkədə bu cür reklam fırıldaqları ilə bağlı daha sərt mexanizmlər yoxdur? Niyə klinikaların tibbi fəaliyyət sahələrinə görə lisenziyaları ictimaiyyətə açıq deyil? Niyə insanlar hansı klinikada hansı xidmətin rəsmi icazə ilə aparıldığını bilmək hüququndan məhrumdurlar?
Mövcud vəziyyət onu göstərir ki, təkcə bir klinikanın yox, ümumilikdə səhiyyə sistemimizin şəffaflıq, nəzarət və peşəkarlıq baxımından ciddi müalicəyə ehtiyacı var. Əks halda bu gün süni mayalanma ilə, sabah başqa bir sahə ilə bağlı saxta reklamlar insanların həm sağlamlığını, həm də inamını məhv edəcək.
İndi təkcə töhmətlə yox, məsuliyyət dövrü başlamalıdır. Vətəndaşın sağlamlığı reklam alətinə çevrilməməlidir.
Nizami Rəsulov
Den.az