Hazırda Azərbaycanda min nəfərdən çox insan orqan transplantasiyasına ehtiyac duyur.
Bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ölkə üzrə 4 642 nəfər dializ müalicəsi alır və bu xəstələrin əhəmiyyətli hissəsi üçün transplantasiya yeganə çıxış yoludur. Abbasova vurğulayıb ki, həmin şəxslərin həyatı birbaşa donor ola biləcək insanlardan asılıdır.
Sədr qeyd edib ki, Azərbaycanda ilk meyitdən orqan transplantasiyası həyata keçirildikdən sonra donor olmaq istəyənlərin sayı sürətlə artıb və hazırda bu rəqəm 1 200 nəfəri ötüb. Onun fikrincə, bu göstərici cəmiyyətdə orqan donorluğuna münasibətin dəyişdiyini göstərir.

