Konqo Demokratik Respublikasında Ebola epidemiyası sürətlə genişlənir və 2,5 min ölümün təxminən yarısı yalnız son 20 gündə baş verib.
Bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Konqo Demokratik Respublikasındakı nümayəndəsi Jülyen Harneys məlumat verib.
“Epidemiya eksponensial şəkildə genişlənir. Hazırda onun əhatə etdiyi ərazi Fransadan daha böyükdür. 2,5 min ölümün yarısı son 20 gündə baş verib”, – Harneys bildirib. Bu gün yayılan məlumatlarda da ölüm sayının 2 500-ü keçdiyi və epidemiyanın sürətlə genişləndiyi qeyd olunur.
Onun sözlərinə görə, epidemiyanın qarşısını almaq üçün əlavə resurslara ehtiyac var. Səhiyyə böhranı təxminən 30 ildir silahlı münaqişələrin davam etdiyi ərazidə baş verir və burada humanitar ehtiyaclar onsuz da çox böyükdür.
Mövcud Ebola dalğası Konqo Demokratik Respublikasında indiyədək qeydə alınan ən sürətlə yayılan epidemiyalardan biri kimi qiymətləndirilir. ÜST də epidemiyanın mürəkkəb humanitar və təhlükəsizlik şəraitində davam etdiyini bildirir.

