Türkiyənin televiziya dünyasının tanınmış siması Serap Paközün açıqlaması izləyicilərini narahat edib. Uzun illər səhər proqramları ilə tanınan aparıcı, süd vəzi xərçənginə tutulduğunu açıqlayıb.
“Kuaför kreslosundan” paylaşım etdi
60 yaşlı Serap Paköz diaqnozu 11 mart tarixində aldığını bildirib və yaşadığı prosesi sosial şəbəkədə paylaşdığı emosional mesajla izləyicilərinə çatdırıb. O, xəstəliyin çox sürətlə inkişaf etdiyini qeyd edərək belə deyib:
“Dostlar, bir müddətdir səhnə arxasında böyük bir hazırlıq gedirdi və artıq sizinlə paylaşma vaxtı gəldi. Təxminən bir ay əvvəl həyatımda "xərçəng" sözü peyda oldu, amma mən bunu son deyil, yeni bir ‘mənə’ gedən yolun başlanğıcı kimi qəbul etdim. 10 mart gecəsi sağlam bir qadın kimi yatdım, 11 martda isə mənə "süd vəzi xərçəngi" diaqnozu qoyuldu. 30 martdan bəri kimyaterapiya yolculuğum davam edir və bu gün o məşhur kuaför dayanacağındayam.”
“Bu sadəcə saç kəsimi deyil…”
Kimyaterapiya səbəbilə tökülən saçlarını qırxdıran aparıcı bunu itki deyil, azadlaşma kimi dəyərləndirib. O, parikdən istifadə etməyəcəyini və bu prosesi olduğu kimi yaşayacağını vurğulayıb:

“Sarsıldım? Bəli. Amma təslim oldum? Heç vaxt! Bu videoda gördüyünüz sadəcə saç kəsimi deyil; bu, qəbul, azadlaşma və tamamilə yeni bir üslubun doğuşudur. Bandanalarım və berelərimlə bu yolu zərifliklə keçəcəyəm. Pariklərin arxasında gizlənmək yox, bu prosesi bütün gerçəkliyi ilə qucaqlamaq istəyirəm. Həyatın hər mövsümünə razıyam...”
TRT-dən özəl kanallara uzanan karyera

1965-ci il 15 iyunda Ankarada doğulan Serap Paköz, aparıcılıq fəaliyyətinə universitet illərində TRT imtahanlarını qazanaraq başlayıb. 1997-ci ildən etibarən özəl televiziya sektorunda fəaliyyət göstərən Paköz, Kanal D, ATV və Kanal 6 kimi kanallarda yayımlanan proqramlarla tanınıb.

