Amerikalı aktrisa Enn Heteueyin ailəsində artım gözlənilir.
Aktrisa sosial şəbəkə hesabında üçüncü dəfə hamilə olduğunu açıqlayıb.
Marie Claire yazır ki, Heteuey xoş xəbəri “Körpəm, mən səninəm” sözləri ilə paylaşıb. O, həmçinin sosial şəbəkədə qarnının artıq nəzərə çarpdığı video yayımlayıb.
Aktrisa hələlik körpənin cinsini və adını açıqlamayıb. Buna görə də pərəstişkarları sosial şəbəkələrdə onun ailəsinə qız, yoxsa oğlan övladının qoşulacağını müzakirə edirlər.
Qeyd edək ki, Enn Heteueyin hamilə ola biləcəyi barədə ilk xəbərlər bir gün əvvəl yayılmışdı. Paparassilər aktrisanı Fransada istirahət zamanı çimərlik geyimində görüntüləmiş, fotolarda onun qarnının böyüdüyü diqqət çəkmişdi.

Bu körpə Heteuey və həyat yoldaşı Adam Şulman üçün üçüncü övlad olacaq. Cütlük artıq iki oğul — 10 yaşlı Conatan və 6 yaşlı Ceki böyüdür.
Aktrisa daha əvvəl analıq yolunun onun üçün asan olmadığını bildirmişdi. O, illər öncə verdiyi müsahibədə uzun müddət sonsuzluqla mübarizə apardığını açıqlamışdı. Heteuey məhz buna görə hamiləlik xəbərini adətən dərhal paylaşmadığını, risklərin azalmasını gözlədiyini demişdi.
Enn Heteuey aktyor Adam Şulmanla 14 ildir evlidir. Cütlük 2008-ci ildə Palm-Sprinqs kino festivalında tanış olub, 2012-ci ilin sentyabrında isə yaxın dost və qohumların iştirakı ilə kiçik toy mərasimi keçirib.

Buna baxmayaraq, aktrisa üçün qarşıdakı dövr təkcə ailə həyatı baxımından deyil, karyera baxımından da məhsuldar olacaq. Məlumata görə, 2026-cı ildə onun iştirakı ilə bir neçə film ekranlara çıxacaq. Onların arasında “Şeytan Prada geyinir 2”, “Ana Mariya”, “Odisseya”, “Ouk-stritin kənarında” və “Veritinin gizli gündəliyi” kimi layihələr yer alır.

