Magazin dünyasında sürpriz evlilik xəbəri gündəmə gəlib. Türkiyəli iş insanı Ali Ağaoğlunun uzun illərdir birlikdə olduğu 2007 Miss Model of Turkey birincisi Bige Yıldırımerlə evləndiyi ortaya çıxıb.
72 yaşlı Ali Ağaoğlu və ondan 36 yaş kiçik olan Bige Yıldırımerin xaricdə keçirdikləri tətil zamanı nikah masasına əyləşdiyi bildirilib.
Cütlük evlilik xəbərini sosial media hesablarında paylaşdıqları açıqlama ilə təsdiqləyib. Bige Yıldırımer birlikdə çəkilən fotolarını paylaşaraq evləndiklərini izləyicilərinə duyurub.
Yıldırımer paylaşımında uzun müddətdir böyük diqqətlə qoruduqları münasibətlərinin artıq yeni mərhələyə keçdiyini bildirib.
“Son xarici səfərimizdə həyatlarımızı sonsuza qədər birləşdirərək yolumuza davam etməyə qərar verdik”, — deyə paylaşımda qeyd olunub.

Cütlüyün bu xoş xəbəri iyunun sonunda ailələri və yaxın dostları ilə keçirəcəkləri kiçik və xüsusi mərasimdə açıqlamağı planlaşdırdığı, lakin evlilik xəbərinin əvvəlcədən yayılmasının onlar üçün də gözlənilməz sürpriz olduğu bildirilib.
Evlilik açıqlamasından sonra Bige Yıldırımerin sosial media hesabındakı soyadını “Ağaoğlu” olaraq dəyişməsi də diqqət çəkib.
Digər tərəfdən, cütlüyün evlilik xəbəri ilə birlikdə hamiləlik iddiaları da gündəmə gəlib. Lakin bu iddialarla bağlı tərəflərdən hələlik rəsmi açıqlama verilməyib.
Ali Ağaoğlunun əvvəlki münasibətlərindən övladları olduğu, 2013-cü ildə isə oğlu Ali Egenin dünyaya gəlməsi ilə beşinci dəfə ata olduğu bildirilir.
Ali Ağaoğlu - Türkiyənin tanınmış iş adamıdır. Əsasən tikinti və daşınmaz əmlak sektoru ilə məşhurdur. O, Ağaoğlu Şirkətlər Qrupunun qurucusu və rəhbəri kimi tanınır. Şirkət 1981-ci ildə yaradılıb və tikinti, turizm, enerji kimi sahələrdə fəaliyyət göstərib.
Türkiyədə xüsusilə lüks yaşayış kompleksləri, böyük tikinti layihələri və “My World”, “My Office”, “My Towerland” kimi layihələrlə gündəmə gəlib. Ağaoğlu Qrupu indiyə qədər 35 mindən çox yaşayış, ofis və ticarət obyekti inşa etdiyini bildirir.
O, həm də Türkiyə mediasında təkcə biznes fəaliyyəti ilə yox, şəxsi həyatı, sərvəti, lüks avtomobilləri və qalmaqallı açıqlamaları ilə də tez-tez gündəmə gələn fiqurdur. Forbes-in 2018 məlumatında onun sərvəti 1,1 milyard dollar göstərilmişdi; 2020-ci ildə isə Türkiyə mətbuatında bu rəqəmin 750 milyon dollara düşdüyü yazılmışdı.

