Türkiyənin tanınmış müğənnisi Serdar Ortaç səhnədə vəsiyyəti ilə bağlı gözlənilməz açıqlama verib.
Sənətçi ölümündən sonra əmlakının kimlər arasında bölüşdürüləcəyinə artıq qərar verdiyini bildirib.
Türkiyə mətbuatının məlumatına görə, otellərdən birində konsert verən müğənni çıxışı zamanı vəsiyyətindən danışaraq tamaşaçıları təəccübləndirib.
“Hələ sağ ikən vəsiyyətimi yazmışam”, – deyə Ortaç bildirib.
Sənətçi aktyor Kadir İnanırın mirasını sağlığında bölüşdürməsini nümunə göstərərək özündən sonra əmlakının necə paylaşılacağını əvvəlcədən planlaşdırdığını qeyd edib.
Serdar Ortaç var-dövlətini uzun illər yanında çalışan şəxslərə və bir neçə il əvvəl vəfat edən qardaşının övladlarına vəsiyyət etdiyini açıqlayıb. Müğənni ölümündən sonra əmlakının necə bölüşdürüləcəyinə dair son qərarın da həmin şəxslər tərəfindən verilməsini istədiyini söyləyib.
Bu açıqlamadan sonra sənətçinin 2023-cü ildə mirası ilə bağlı səsləndirdiyi fikirlər yenidən gündəmə gəlib. O, həmin vaxt övladının olmadığını bildirərək əmlakını işçilərinə qoyacağını söyləmişdi.
Müğənninin İstanbuldakı Boğaz mənzərəli dəbdəbəli evi də yenidən diqqət mərkəzinə düşüb.

Məlumata görə, Ortaç 2016-cı ildə İstinye bölgəsində yerləşən malikanəsini 15 milyon Türkiyə lirəsinə satın alıb. 750 kvadratmetrlik torpaq sahəsində yerləşən evdə 8 otaq, 4 salon, 4 vanna otağı, həmçinin terras və eyvanlar var.
Xüsusi təhlükəsizlik kameraları və abadlaşdırılmış həyəti ilə seçilən malikanənin dəyərinin satın alındığı vaxtdan bəri təxminən beş dəfə artdığı bildirilir.
Sənətçinin səhnədə səsləndirdiyi bu açıqlama tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

