35 yaşında vəfat edən aktrisa Ece İrtemin anası Nuriye İrtem qızının ölümündən əvvəlki son gecəni danışıb. Jurnalist Alev Gürsoy Ciminə açıqlama verən Nuriye İrtem qızının spirtli içki qəbul edən biri olmadığını bildirib və səhər onun otağına daxil olarkən qarşılaşdığı ağır mənzərəni təsvir edib.
Ece İrtemin ölümündən sonra onun spirtli içki ilə depressiya dərmanını birlikdə qəbul etdiyi barədə iddialar ortaya atılmışdı. Nuriye İrtem isə bu iddiaları rədd edib. O bildirib ki, qızı spirtli içki qəbul etmirdi və hətta ad günündə birlikdə getdikləri məkanda yalnız soda içiblər. Anası Ece İrtemin sağlamlığına diqqətlə yanaşdığını və ictimaiyyətə yayılan bəzi məlumatların həqiqəti əks etdirmədiyini deyib.
Anasının sözlərinə görə, Ece İrtem həyatının son gecəsində, ad günündə ailəsi ilə əlaqə saxlayıb. Atası və xalaları ilə telefonla danışdıqdan sonra anası ilə birlikdə itlərini gəzdirməyə çıxıb.
Daha sonra ana və qızı evlərinin yaxınlığındakı bir məkana gediblər. Burada Ece İrtem üçün ad günü tortu gətirilib. Aktrisa mikrofonu əlinə aldıqda mahnı oxumaq əvəzinə Cahit Sıtkı Tarancının “Otuz Beş Yaş” şeirindən misralar səsləndirib. Gecənin sonrakı saatlarında mədəsinin ağrıdığını deyən İrtem anası ilə birlikdə evə qayıdıb. Nuriye İrtem qızının həmin vaxt sərxoş olmadığını xüsusi vurğulayıb.

Faciə isə ertəsi səhər üzə çıxıb. Nuriye İrtem səhər yeməyi üçün qızının otağına daxil olduqda ondan cavab ala bilməyib. Qızına yaxınlaşan ana onun bədəninin soyuq olduğunu hiss edib.
Yaşadığı şokdan sonra qışqırdığını deyən Nuriye İrtemin köməyinə qonşular və binanın işçisi gəlib. Aktrisanın ölümündən sonra ilkin xəbərlərdə ürək tutması ehtimalı gündəmə gəlsə də, sonradan ölüm səbəbi ilə bağlı müxtəlif iddialar irəli sürülüb.

Ece İrtemin ölümündən qısa müddət əvvəl Taylanda səfər etdiyi və orada meymun tərəfindən dişləndiyi də məlum olub. Anası bu hadisəni təsdiqləyərək qızına quduzluq və tetanus peyvəndlərinin vurulduğunu, həmçinin müəyyən müddət dərman qəbul etdiyini bildirib. Lakin bu hadisə ilə onun ölümü arasında əlaqə olduğuna dair rəsmi nəticə açıqlanmayıb.

