Son olaraq “Kimler Geldi Kimler Geçti” serialı ilə tamaşaçı qarşısına çıxan 34 yaşlı aktrisa Serenay Sarıkaya siması olduğu brendin səfiri qismində Paris Moda Həftəsi çərçivəsində keçirilən “Le Défilé” tədbirində podiuma çıxıb.
Eyfel qülləsi mənzərəli Place Joffre meydanında keçirilən tədbirdə Sarıkaya qızılı tonlarda, saçaq detallı və parıltılı geyimə üstünlük verib. Məşhur aktrisanın diqqətçəkən libasının qiymətinin 9 496 avro, hazırkı məzənnə ilə təxminən 528 min TL olduğu məlum olub.

Podiumda zaman-zaman əlini saçına apararaq yeriyən və rahat davranışları ilə diqqət çəkən Sarıkaya özünəinamlı görünüşü, yüksək enerjisi və təbəssümü ilə tamaşaçıların rəğbətini qazanıb.
Aktrisanın podium performansı qısa müddətdə sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzulardan birinə çevrilib. Görüntülər yayıldıqdan sonra istifadəçilər “Tamamilə başqadır, rəqibi yoxdur”, “Ona heyranıq”, “Aura deyilən şey məhz budur” və “Gözəllər gözəli” kimi şərhlər yazıblar.

Serenay Sarıkayanın iştirak etdiyi tədbir moda və əyləncə dünyasının qlobal ulduzlarını da bir araya gətirib. Eyni podiumda Kendall Jenner, Cara Delevingne, Kristen Bell, Jane Fonda, Eva Longoria, Simone Ashley və Andie MacDowell kimi dünyaca məşhur simalar da yer alıblar.

