Abşeron rayonunun ən sıx hərəkətli ərazilərindən biri sayılan Saray qəsəbəsi ərazisində yerləşən körpü və onun ətrafında uzun illərdir yaşanan yol problemlərinin həlli istiqamətində mühüm addım atılıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Denmedia.az-a bildirilib ki,aparılan genişmiqyaslı abadlıq və yol infrastrukturunun yenilənməsi işləri çərçivəsində körpü ətrafındakı obyektlərin söküntüsünə başlanılıb.
Sakinlərin sözlərinə görə, illərdir körpünün giriş-çıxış hissələrində yerləşən müxtəlif obyektlər yolun hərəkət zolaqlarını daraldaraq həm sürücülərə, həm də piyadalara ciddi çətinliklər yaradırdı. Sıxlıq, tıxac və qəza riskinin yüksək olması bu ərazidə hərəkətin təhlükəsizliyini xeyli aşağı salmışdı. Söküntü işləri isə artıq onların ürəyincədir.
AAYDA-nın mütəxəssisləri bildirirlər ki, söküntü işlərinin əsas məqsədi körpü ətrafında yolun genişləndirilməsi, hərəkətin daha rahat və təhlükəsiz təşkil edilməsidir. Layihə çərçivəsində Yol körpüyə uyğunlaşdırılaraq 2 gediş 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Söküntüsü aparılan obyektlərin yerində əlavə hərəkət zolaqlarının yaradılması, yol infrastrukturunun müasir standartlara uyğunlaşdırılması nəzərdə tutulur. AAYDA tərəfindən həyata keçirilən bu addım təkcə sürücülərin deyil, həm də bölgə əhalisinin rahatlığına xidmət edəcək.
Qeyd edək ki, Saray körpüsü Abşeron rayonu və Sumqayıt şəhərini birləşdirən ən əsas yol qovşaqlarından biridir. Burada yolun genişləndirilməsi və hərəkətin rahatlaşdırılması bütövlükdə nəqliyyatın daha səmərəli idarə olunmasına müsbət təsir göstərəcək. Söküntü işlərinin qısa müddətdə yekunlaşdırılacağı və layihənin mərhələli şəkildə icra olunacağı bildirilib. Beləliklə, Saray körpüsü ətrafında aparılan söküntü və yenidənqurma işləri həm yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin edəcək, həm də bölgənin nəqliyyat infrastrukturunun inkişafına böyük töhfə verəcək.