Sumqayıt şəhərində 2023-cü il sentyabrın 19-da Qarabağda keçirilən “Antiterror əməliyyatları” zamanı qəhrəmancasına şəhid olan Dövlət Sərhəd Xidmətinin (DSX) zabiti, baş leytenant Cavid Mirzəyevin anım günü böyük hörmət və ehtiramla qeyd olunub.
DenMedia.az xəbər verir ki, anım mərasimində şəhidin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri və şəhər sakinləri iştirak ediblər. İştirakçılar əvvəlcə Sumqayıt Şəhidlər Xiyabanında Cavid Mirzəyevin məzarını ziyarət edərək gül dəstələri düzüb, ruhuna dualar oxuyublar. Şəhidin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
1994-cü il noyabrın 14-də Siyəzən rayonunun Gil-gil çay qəsəbəsində anadan olan Cavid Mirzəyev orta təhsilini Sumqayıtda başa vurub.
Hərbi xidməti başa vurduqdan sonra Dövlət Sərhəd Xidmətinin Təlim və Tədris Mərkəzində “Zabit hazırlıq kursu”nu bitirərək leytenant rütbəsi alıb.
2019-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzində “Motoatıcı Tağım Komandiri” ixtisası üzrə “Ehtiyat Zabit Hazırlığı” kursunu tamamlayan
Cavid Mirzəyev 44 günlük Vətən müharibəsində böyük şücaət göstərib.
Qələbə ilə başa çatan müharibədən sonra o, azad olunmuş bölgələrdə “Bölük komandiri” kimi xidmətini davam etdirib. Peşəkar fəaliyyəti və nümunəvi xidməti sayəsində 2022-ci ildə baş leytenant rütbəsinə yüksəlib.
2023-cü il sentyabrın 19-da Qarabağda erməni silahlı birləşmələrinə qarşı keçirilən lokal antiterror əməliyyatlarında Cavid Mirzəyev döyüşün ön sıralarında yer alıb. Əməliyyat zamanı qəhrəmancasına şəhid olan Cavid iki gün sonra, sentyabrın 21-də Sumqayıt Şəhidlər Xiyabanında minlərlə insanın iştirakı ilə torpağa tapşırılıb.
Şəhid Cavid Mirzəyev ailəli idi. Onun şəhadətindən sonra oğlu Cavidanpaşa dünyaya gəlib. Balaca Cavidanpaşa bu gün atasının igidliyinin və əbədi xatirəsinin canlı yadigarıdır.
Anım tədbirində çıxış edənlər Cavid Mirzəyevin vətənpərvərliyini, peşəkar hərbçi kimi fədakarlığını, gənclərə örnək olan həyat yolunu xüsusi vurğulayıblar. Onun qəhrəmanlığı Azərbaycan gəncləri üçün daim ilham mənbəyi kimi xatırlanacaq.
Şəhidin xatirəsi Sumqayıtda və bütün ölkədə böyük ehtiramla anılır, adı daim qəlblərdə yaşayır.