Qubanın Kardaş kəndində faciəvi vəziyyət yaranıb. Xəstə ağır durumda qalıb, yol isə yoxdur.
Bu barədə DenMedia.az saytına kənd sakinləri məlumat verib.
Belə ki, rayonunun Kardaş kəndində baş verən hadisə bir daha bölgələrdə yol və infrastruktur probleminin nə qədər ciddi nəticələr doğurduğunu üzə çıxarıb.
Sakinlərin verdiyi məlumata görə, kənddə yaşayan bir sakin qəfil ağır xəstələnib və dərhal Təcili Tibbi Yardıma zəng edilib. Lakin tibbi brigada xəstəni xəstəxanaya aparmaq üçün kəndə daxil ola bilməyib.
Səbəb isə sadə, amma faciəvi dərəcədə acınacaqlıdır: Kardaş kəndinə gedən avtomobil yolu yoxdur. Kəndi ətraf bölgələrdən ayıran çay daşaraq keçilməz hala düşüb. Nəticədə Təcili Yardım avtomobili kəndin girişində dayanmağa məcbur olub. Həkimlər avtomobildən düşərək palçıqlı və bataqlıq yollardan kilometrlərlə məsafəni piyada qət edib, xəstənin evinə çətinliklə çatıb.
Hazırda isə xəstənin vəziyyəti kritik olaraq qalır. Kənd sakinlərinin sözlərinə görə, xəstə vaxtında xəstəxanaya çatdırılsaydı, vəziyyəti daha yüngül ola bilərdi.
Kənd camaatı bildirir ki, bu, ilk hadisə deyil. Hər yağışlı mövsümdə kəndlə rayon mərkəzi arasında əlaqə tamamilə kəsilir, təhsil, səhiyyə və gündəlik məişət məsələləri çıxılmaz vəziyyətə düşür. Uşaqlar məktəbə gedə bilmir, xəstələr isə təcili tibbi yardım ala bilmir.
“Yolumuz yoxdur, çayın üzərindən keçmək mümkün deyil. Hər dəfə belə çətinliklərlə üzləşirik. İnsan həyatının bu qədər asanlıqla təhlükəyə atılması qəbuledilməzdir,” – kənd sakinlərindən biri bildirib.
Maraqlıdır niyə 2025-ci ildə hələ də kəndlər yol probleminin girovuna çevrilib?
Niyə aidiyyəti qurumlar illərlə səsləndirilən müraciətlərə reaksiya vermir?
İnsanların həyatı təhlükədə olduğu halda, hansı prioritetlər yolların çəkilməsindən daha vacib hesab olunur?
Bu hadisə dövlət qurumları üçün ciddi bir xəbərdarlıqdır. Yol problemi sadəcə infrastruktur məsələsi deyil, birbaşa insan həyatına toxunan faktordur. Kardaş kəndində yaşanan bu dram göstərir ki, infrastrukturun olmaması təkcə sosial çətinlik yaratmır, həm də ölümlə nəticələnə biləcək faciələrə səbəb ola bilər.
Sakinlər ümid edirlər ki, bu dəfə məsələ qulaqardına vurulmayacaq və Kardaş kəndi də ləyaqətli yaşayış üçün ən azı yol infrastrukturuna qovuşacaq.
Nüşabə Baxşıyeva
DenMedia.az