Yeni Azərbaycan Partiyasının (YAP) Sumqayıt şəhər Təşkilatının inzibati binasında təşkil edilən “Heydər Əliyev məktəbi” layihəsinin bağlanış mərasimi keçirilib.
Denmedia.az xəbər verir ki, gənclərin fəal iştirakı ilə baş tutan tədbir Azərbaycan dövlətçiliyinin banisi, Ümummilli Lider Heydər Əliyevin zəngin siyasi irsinin təbliği və gənclər arasında liderlik bacarıqlarının formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyıb.
Tədbirdə çıxış edən YAP Sumqayıt şəhər Təşkilatının sədri, YAP İdarə Heyətinin üzvü Ramiz Hüseynov “Heydər Əliyev məktəbi” layihəsinin ideya əsasları və məqsədləri barədə ətraflı məlumat verib. O bildirib ki, bu layihə gənclərin milli dövlətçilik ideyalarına bağlı, müasir dünyagörüşlü və məsuliyyətli vətəndaş kimi formalaşmasına xidmət edir. Ramiz Hüseynov vurğulayıb ki, Ümummilli Lider Heydər Əliyevin siyasi kursu bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bu kursun gənc nəslə düzgün şəkildə aşılanması dövlət siyasətinin əsas prioritetlərindəndir.
Çıxış zamanı qeyd olunub ki, “Heydər Əliyev məktəbi” çərçivəsində keçirilən təlim və görüşlər gənclərin siyasi biliklərinin artırılmasına, ictimai fəallığının yüksəldilməsinə və liderlik keyfiyyətlərinin inkişafına mühüm töhfə verib. Layihə müddətində iştirakçılar Ulu Öndərin həyat yolu, dövlətçilik fəlsəfəsi, milli maraqlara əsaslanan siyasəti və Azərbaycanın müasir inkişaf strategiyası barədə geniş biliklər əldə ediblər.
Gəclər isə çıxəşlarında H.Əliyev məktəbinin onların gələcək həyat fəaliyyətlərində bir mayak olacağını bildirdilər.
Tədbirin sonunda YAP Sumqayıt şəhər Təşkilatı, Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Bələdiyyəsi tərəfindən “Heydər Əliyev məktəbi”nin müdavimlərinə sertifikatlar və xatirə hədiyyələri təqdim olunub. Sertifikatların təqdim edilməsi layihədə fəal iştirak edən gənclərin əməyinə verilən yüksək qiymətin göstəricisi kimi dəyərləndirilib.
Qeyd edilib ki, bu cür layihələrin davamlı şəkildə həyata keçirilməsi gənclərin ictimai-siyasi proseslərdə daha fəal iştirakına, milli maraqlara əsaslanan mövqeyinin möhkəmlənməsinə və ölkənin gələcək inkişafında onların rolunun artırılmasına xidmət edəcək.