Abşeron rayonunda infrastrukturun yenilənməsi və yaşayış məntəqələrinin abadlaşdırılması istiqamətində həyata keçirilən işlər davam edir.
Denmedia.az xəbər verir ki, növbəti abadlıq tədbiri Saray qəsəbəsinin Babək küçəsində aparılır.
Küçədə uzun müddətdir sakinləri narahat edən yol problemi aradan qaldırılır, asfaltlanma işləri mərhələli şəkildə icra olunur.
Aparılan işlər Abşeron rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin tapşırıq və tövsiyyələri əsasında Saray Bələdiyyəsi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində yolun hamarlanması və yeni asfalt örtüyünün çəkilməsi nəzərdə tutulur. İşlərin keyfiyyətli və vaxtında icrası üçün əraziyə müasir texnikalar cəlb edilib, kifayət qədər canlı qüvvə çalışır.
Abadlıq işləri təkcə nəqliyyatın hərəkətini rahatlaşdırmaqla kifayətlənmir, eyni zamanda piyadaların təhlükəsizliyini artırır, küçənin ümumi görünüşünü daha səliqəli və müasir edir. Sakinlərin sözlərinə görə, Babək küçəsində yolun bərbad vəziyyəti illərdir problem yaradırdı və aparılan asfaltlanma işləri bu narahatlığa son qoyacaq.
Qəsəbə sakinləri görülən işləri yüksək qiymətləndirərək, dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə edirlər. Onlar bildirirlər ki, bu cür abadlıq layihələri Saray qəsəbəsinin sosial rifahına və ümumi inkişafına mühüm töhfə verir.
Qeyd edək ki, Abşeron rayonunda yol infrastrukturu ilə bağlı tədbirlərin gələcəkdə də davam etdirilməsi planlaşdırılır. Bu isə həm rayonun nəqliyyat imkanlarının yaxşılaşmasına, həm də vətəndaşların gündəlik həyat şəraitinin yüksəlməsinə xidmət edir.





















Nizami Rəsulov
Denmedia.az

