Abşeron rayonunda vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə həyata keçirilən abadlıq-quruculuq işləri ardıcıl şəkildə davam etdirilir. Rayonun bütün yaşayış məntəqələrində, o cümlədən kənd və qəsəbələrində yolların yenilənməsi, küçələrin abadlaşdırılması istiqamətində mühüm addımlar atılır.
Bu çərçivədə Abşeron Rayon İcra Hakimiyyəti başçısının tapşırıqlarına uyğun olaraq Masazır kəndində Bələdiyyə tərəfindən daha bir şəhidin adını daşıyan küçədə asfaltlanma işləri uğurla başa çatdırılıb. Küçədə əvvəlki dövrlərdə yaranmış çala-çuxurlar, torpaq örtüklü hissələr tam bərpa olunub, yolun əsas qatı möhkəmləndirildikdən sonra müasir standartlara uyğun asfalt örtük salınıb.
Əraziyə xüsusi texnikalar və canlı qüvvə cəlb olunub. İşlərin gedişinə nəzarət edən Masazır Bələdiyyəsi tərəfindən keyfiyyətə ciddi diqqət yetirilib. Aparılan abadlıq tədbirləri nəticəsində küçənin görkəmi tam dəyişib, nəqliyyatın və piyadaların hərəkəti daha təhlükəsiz və rahat hal alıb.
Sakinlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar qeyd ediblər ki, şəhid adını daşıyan küçənin abadlaşdırılması həm də mənəvi dəyər daşıyır və şəhidlərin xatirəsinə olan hörmətin bariz nümunəsidir.
Qeyd edək ki, Abşeron rayonunda həyata keçirilən kompleks abadlıq tədbirləri çərçivəsində digər yaşayış ərazilərində də küçə və yollarda yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. Məqsəd rayon əhalisinin həyat şəraitini daha da yaxşılaşdırmaq, rahat və təhlükəsiz hərəkət imkanlarını genişləndirməkdir.

