Zərdab rayonunun Burunlu kəndində 3 kilometrlik yol illərdir aidiyyatı qurumların diqqətindən kənarda qalıb.
Denmedia.az xəbər verir ki, 150-yə yaxın ev, 1000 nəfərə yaxın əhali bu kənddə yaşayır, amma kənd yarandığı gündən bu günə qədər bir dəfə də olsun asfalt üzü görməyib.
Yolun bərbad vəziyyəti səbəbindən gənc ailələr kəndi tərk edir, Burunlu isə tədricən boşalır.
Sakinlərin DenazTv-nin Qaynar xəttinə müraciəti problemi bir daha gündəmə gətirdi. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cavabı isə dəyişməzdir: “təkliflər hazırlanıb, investisiya proqramına salınması gözlənilir”. İllərdir gözlənilən bu vədlər Burunlu sakinlərinin gündəlik əzabını azaltmır.
Cəmi 3 kilometr yolun bu qədər uzanan problemə çevrilməsi məsul qurumların laqeydliyinin açıq göstəricisidir. Kənd sakini də bu ölkənin vətəndaşıdır və onun yolu da kağız üzərində deyil, real həyatda olmalıdır. Burunlu daha nə qədər gözləməlidir?

