Quba rayonunun Kardaş kəndinə rayon mərkəzindən 20 km yol qət etmək lazımdır.
Bu barədə DenMedia.az-a kənd sakinləri məlumat veriblər.
Onların sözlərinə görə, kəndi Çaxacıq çayı iki yerə ayırır. Kənddə 35 ev və 160-dan çox əhali yaşayır. Sakinlər bu kənddə olan körpünün qəzalı vəziyyətdə olmasından çox narahatdırlar.
Kəndin sahillərini birləşdirən yeganə körpü 1980-ci illərdə kənd sakinləri tərəfindən troslarla çəkilərək üzərinə taxta parçaları düzülərək düzəldilib. Hazırda həmin körpü yararsız vəziyyətə düşüb və gediş-gəlişdə çətinliklər yaranır.
Məsələ ilə bağlı Quba rayonunun İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bildirilmişdir ki, sözügedən körpü Rustov kənd Bələdiyyəsinin balansındadır və körpünün təmiri və yenidən təşkil olunması kənd bələdiyyəsinə aiddir.
Bu barədə Rustov kənd Bələdiyyəsinin sədr müavini Aydın Kazımov açıqlama verərək bildirmişdir ki, bələdiyyə büdcəsində hazırda vəsait yoxdur, lakin körpü aidiyyatı qurumlar tərəfindən nəzarətə götürülüb.
Nüşabə Baxşıyeva
DenMedia.az