Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi Abşeron Rayon İcra Hakimiyyəti ilə birgə 1 Mart - Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş “Dayanıqlı və sabit gələcək naminə ekoloji risklərin idarə edilməsi” mövzusunda tədbir keçirib.
Tədbirin keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin fövqəladə hallardan qorunma və mülki müdafiənin təşkili məsələlərinə yönəldilməsi, bu sahədə əhalinin hazırlığının və maarifləndirilməsinin təmin edilməsi, eləcə də fərdi mühafizə vasitələrindən istifadə vərdişlərinin aşılanması olub.
Tədbirdə FHN Sumqayıt Regional Mərkəzin və yerli qurumlarının, Abşeron Rayon İcra Hakimiyyətinin, eyni zamanda yerli özünüidarəetmə orqanlarının səlahiyyətli nümayəndələri və aidiyyəti dövlət təşkilatlarının məsul şəxsləri iştirak ediblər.
Əvvəlcə, tədbir iştirakçıları Abşeron Rayon Mədəniyyət Mərkəzinin foyesində məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçiriblər.
Sonra Mədəniyyət Mərkəzinin akt zalında davam etdirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini, İlkin Əsədov əhalinin mülki müdafiə üzrə maarifləndirilməsi, idarə və təşkilat rəhbərlərinin, inzibati ərazi nümayəndələrinin və yerli özünüidarəetmə orqanlarının diqqətinin bu sahəyə cəlb edilməsi baxımından belə tədbirlərin keçirilməsinin vacib olduğunu bildirib. O, həmçinin çıxışında mülki müdafiə sahəsində birgə fəaliyyətin və əməkdaşlığın əhalinin təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm rol oynadığını vurğulayıb.
Sonra FHN Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev çıxışında bildirib ki, 1993-cü ildən Beynəlxalq Mülki Müdafiə Təşkilatına üzv olan Azərbaycan Respublikası ilə bu nüfuzlu təşkilat arasında sıx əməkdaşlıq münasibətlərinin qurulması və inkişafı qüdrətli Azərbaycanın memarı, əbədiyaşar ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Ulu Öndərin siyası zəkası və istedadı sayəsində yeni Azərbaycan, digər sahələrdə olduğu kimi, təbii və texnogen xarakterli fəlakətlərdən əhalinin etibarlı şəkildə mühafizəsinin təşkili məsələlərini diqqət mərkəzində saxladı, qloballaşan dünyanın çağırışlarına yeni iqtisadi inkişaf modeli ilə cavab verdi. Bu siyasət Ulu Ondərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi altında uğurla həyata keçirilərək, əhalinin təhlükəsizliyi və ərazilərin mühafizəsi problemlərinin həllinə yönələn mühüm tədbirlərin icrası ilə davam etməkdədir.
Tədbirdə Abşeron rayonunda keçirilmiş kompleks mülki müdafiə təliminiəks etdirən videoçarx nümayiş olunub.
Sonrda tədbir ədəbi-bədii kompozisiya ilə yekunlaşıb.

