Abşeron rayonunda 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə geniş və təntənəli tədbir təşkil edilib. Tədbirdə şəhid anaları, şəhidlərin həyat yoldaşları və onların əmanəti olan qız övladları, eləcə də rayonun ictimai-siyasi həyatında fəal iştirak edən xanımlar bu əlamətdar gün münasibətilə təbrik olunublar.
Belə ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə RİH-in başçısı Abdin Fərzəliyev, millət vəkilləri Rizvan Rəbiyev və Nigar Məmmədova, Yeni Azərbaycan Partiyasının Abşeron rayon təşkilatının sədri Abbas Əliyev, Milli Qəhrəman şəhid General Mayor Polad Həşimovun anası Səmayə Həşimova, Abşeron Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid Elçin Həsənlinin anası Xatirə İsmayılova, Abşeron‑Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səkinə Sadıqova, rayonun idarə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin və Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev çıxış edərək şəhid analarını, həyat yoldaşlarını və Abşeronlu xanımları 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edib. O qeyd edib ki, Azərbaycan qadını tarix boyu cəmiyyətimizin mənəvi dayağı, ailənin sütunu, dövlətçiliyimizin möhkəmlənməsində mühüm rol oynayan şəxsiyyət kimi seçilib. Qadınlarımızın mərdliyi, sədaqəti və zəhmətkeşliyi hər zaman xalqımızın inkişafında mühüm rol oynayıb.
RİH başçısı vurğulayıb ki, Azərbaycan qadınlarının dövlət idarəçiliyində və ictimai-siyasi həyatda fəal iştirakının təmin edilməsi istiqamətində dövlət səviyyəsində mühüm işlər görülür. O bildirib ki, gənclərimizin təlim-tərbiyəsində, onların vətənpərvərlik ruhunda yetişməsində analarımızın əməyi əvəzsizdir. Məhz bu misilsiz tərbiyənin nəticəsində ölkəmizin qəhrəman oğulları Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruq” ətrafında sıx birləşərək Vətən müharibəsi zamanı düşmənə ağır zərbə vurmuş və xalqımız tarixi zəfər qazanmışdır.
Sonra millət vəkilləri Rizvan Rəbiyev və Nigar Məmmədova, Vətən müharibəsi qəhrəmanı Qəzənfər Ağayev, şəhid anası Rəna Bağırova çıxış edərək Azərbaycan qadınlarını təbrik edib, onların tariximizdə oynadığı mühüm roldan, cəmiyyətimizin inkişafı naminə göstərdikləri fədakar fəaliyyətdən bəhs ediblər. Çıxışlarda bildirilib ki, Azərbaycan qadını təkcə ailənin deyil, bütövlükdə cəmiyyətin dayağıdır; onun mərhəməti, müdrikliyi və zəhməti millətin gələcəyini formalaşdırır.
Daha sonra Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən 45 saylı Abşeron seçki dairəsi dairə seçki komissiyasının sədri Dilşad Abbasova, Abşeron‑Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, Abşeron Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Səkinə Sadıqova və bir qrup şəhid anaları fəxri fərmanlarla təltif ediliblər.
Daha sonra tədbir bədii hissə ilə davam etdirilib. Ölkəmizin tanınmış xalq və əməkdar artistlərinin ifaları, eləcə də bir-birindən maraqlı musiqi nömrələri tədbir iştirakçılarına xoş ovqat bəxş edib. Musiqi və sənət nümunələri Azərbaycan qadınının gözəlliyini, mərhəmətini, sədaqətini və gücünü tərənnüm edib.
Tədbirin ən təsirli məqamlarından biri isə şəhid övladlarının analara həsr etdikləri sürpriz hədiyyə olub. Bu anlar zalda kövrək və duyğulu hisslər yaradıb, iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb. Şəhid analarının fədakarlığı və dözümlülüyü xüsusi hörmətlə qeyd olunub.
Sonda şəhid analarına gül dəstələri və müxtəlif hədiyyələr təqdim olunub. Tədbir iştirakçıları Azərbaycan qadınlarının cəmiyyətimizdəki yüksək mövqeyini, onların dövlətimizin və xalqımızın inkişafındakı misilsiz xidmətlərini bir daha vurğulayaraq bu əlamətdar gün münasibətilə bütün xanımları təbrik ediblər.

