İzmirdə 8 Mart – Dünya Qadınlar Günü münasibətilə bir sıra önəmli tədbirlər keçirildi. Türkiyədə yaşayan azərbaycanlı mədəniyyət elçisi, diaspor fəalı və sənətçi Roza İbadova Kocamaz Azərbaycanın və Türkiyənin qadınları və gəncləri ilə bir araya gələrək həm mədəni, həm də sosial həmrəylik nümayiş etdirdi.
“Cəsarətin Adı: Qadın – 103 İllik Qüdrət” Zirvəsi
İzmir Böyükşəhər Bələdiyyəsi, Batı Anadolu Sənayeçi və İş Adamları Dərnəkləri Federasiyası (BASİFED) və TOBB İzmir Qadın Sahibkarlar Şurası tərəfindən qadınların iqtisadi həyatda rolunu gücləndirmək və ilhamverici uğur hekayələrini önə çıxarmaq məqsədilə “Cəsarətin Adı: Qadın – 103 İllik Qüdrət” adlı zirvə təşkil olunub.
Tədbir iş dünyasının nümayəndələrini, qadın sahibkarları, akademikləri, sənətçiləri, media təmsilçilərini və gəncləri bir araya gətirdi. Zirvə çərçivəsində qadın sahibkarlığından liderliyə, süni intellekt və gender bərabərliyi mövzularından iş dünyasında və mediada qadının roluna qədər bir sıra mühüm məsələlər müzakirə olundu. İştirakçılarla həm ilhamverici hekayələr, həm də konkret həll yolları, uğurlu təcrübələr və əməkdaşlıq modelləri paylaşıldı.
Zirvədə İzmir Böyükşəhər Bələdiyyəsinin sədri Dr. Cemil Tugay, zirvənin ideya rəhbəri Öznur Tugay, BASİFED İdarə Heyətinin sədri Semiha Güneş, TOBB İzmir Qadın Sahibkarlar Şurasının sədri Deniz Celep, İzmir Böyükşəhər Bələdiyyəsi sədrinin müavini Dr. Zafer Levent Yıldır və baş katibin müavini Prof. Dr. Pınar Okyay iştirak ediblər. Zirvə iş dünyası, sahibkarlıq, sənət, media və qeyri-hökumət təşkilatları sahələrində tanınmış şəxslərin panel və çıxışları ilə davam edib.
Tədbirdə iştirak edən Roza İbadova Kocamaz qadınların cəmiyyətdə və iqtisadi həyatda güclənməsinin əhəmiyyətini vurğulayıb. O, qəzetimizə açıqlamasında bildirib:
“Belə zirvələr qadınların sosial və iqtisadi sahələrdə güclənməsi üçün çox önəmlidir. İzmirdə müxtəlif sahələrdən olan qadınların bir araya gəlməsi və təcrübələrini paylaşması ilhamverici həmrəylik nümunəsidir. ‘Bir millət, iki dövlət’ anlayışı ilə qardaş Azərbaycan xalqının nümayəndəsi kimi belə tədbirlərdə iştirak etmək bizim üçün böyük qürurdur.”
Azərbaycanlı xanımlar və gənclərlə xüsusi görüş
Roza İbadova Kocamaz 8 Mart münasibətilə İzmirdə yaşayan azərbaycanlı xanımlar və tələbələrin iştirakı ilə xüsusi tədbir də təşkil edib. Tədbir Cafe Delmattino-da keçirilib. Türkiyədə təhsil alan gənclər və xanımlar bir araya gələrək hər iki ölkədə sevilən mahnılar ifa edib, şeirlər səsləndirib və mədəni həmrəylik nümayiş etdiriblər.
Tədbirdə İzmir Azərbaycan Mədəniyyət və Dayanıqlıq Dərnəyinin prezidenti və Federasiyanın vitse-prezidenti Eşref Tuna da iştirak edərək qonaqlara çiçəklər və plaketlər təqdim edib. O, eyni zamanda Roza İbadova Kocamaza bu təşəbbüsə görə təşəkkürünü bildirib.
Manisa şəhərində təhsil alan tələbə Ali Polatzadə çıxışı ilə tədbirə xüsusi rəng qatıb. Gənclər və xanımlar proqramın müxtəlif hissələrinə coşqu ilə qoşulublar.
Tədbir Azərbaycan və Türkiyə arasında mədəni və sosial bağları gücləndirən, ilhamverici və yadda qalan bir gün kimi xatırlanıb.



















