Normadan artıq yağan güclü yağış Abşeronda bir sıra küçələri keçilməz edib, yüzlərlə evi su basıb.
Denmedia.az xəbər verir ki, hazırda Xırdalan şəhərinin küçələrində və rayonun bir sıra yaşayış massivlərində su basma halları mövcuddur.
Sakinlərin sözlərinə görə, suyun səviyyəsi o qədər yüksəlib ki, evdən çölə çıxmaq demək olar ki, mümkünsüz hala gəlib. Onlar gündəlik ehtiyaclarını qarşılamaq üçün uzunboğaz çəkmələrdən istifadə etməyə məcbur qaldıqlarını deyirlər.
Abşeron Rayon İcra Hakimiyyətindən DenazTV-yə bildirilib ki, rayon rəhbəri Abdin Fərzəliyev, ADSEA-nın Regional Su Meliorasiya PHŞ-nin İdarə Heyətinin sədri Zakir Quliyev, aidiyyatı qurum rəhbərləri rayon ərazisində su basmış ərazilərə baxış keçirib, yağışın fəsadlarının aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərlə tanış olub. RİH başçısı fəaliyyətində qısamüddətli nasazlıqlar yaranmış 26 saylı mərkəzləşdirilmiş nasosxanada aparılan bərpa işləri ilə maraqlanıb. Bildirilib ki, baş vermiş qəza aradan qaldırılıb və hazırda sözügedən nasosxana gücləndirilmiş iş rejimində işə salınıb. RİH başçısı o cümlədən Xırdalan şəhərində və Məmmədli kəndində bir neçə ünvanda su kütləsinin yığıldığı ərazilərə baş çəkib, sakinlərlə görüşərək onların problemləri ilə maraqlanıb. Subasmanın fəsadlarını daha tez zaman çərçivəsində aradan qaldırılması istiqmətində əlavə nasosların cəlb olunması və digər lazimi tədbirlərin təxirə salınmadan görülməsi istiqamətində göstərişlər verib.
Qeyd edək ki, hazırda rayonun subasmış ərazilərində yağışın fəsadlarının aradan qaldırılması istiqamətində Abşeron RİH, yerli bələdiyyələr, FHN-in və Dövlət Su Ehtiyatları Agentliyinin yerli qurumları birgə fəaliyyət göstərir.















Nizami Rəsulov
Denmedia.az

