Saray qəsəbəsindən Sumqayıta girişdə böyük tıxac yaranıb.
Bu barədə sürücülər Denmedia.az-a Saray MTK-dan şikayət ediblər.
Bildirilir ki, MTK-ya 3 giriş olduğu halda yalnız biri istifadəyə verilib. Bu da nəticədə hər gün yolda uzun tıxacın yaranmasına səbəb olur.
Son günlər bu yolda sürücülərin ciddi çətinliklərlə üzləşdiyi bildirilir. Xüsusilə günün pik saatlarında avtomobillərin hərəkəti iflic olur, uzun tıxac yaranır. 1 dəqiqləlik yolu, yarım saata getməyə məcbur qalırlar.
Sürücülərin sözlərinə görə, yaranmış sıxlığın əsas səbəblərindən biri Saray MTK-nın ərazidən çıxış üçün yalnız bir girişdən istifadə etməsidir. İddia olunur ki, yaşayış kompleksinin digər iki girişi hazırda fəaliyyət göstərmir və bu səbəbdən bütün nəqliyyat axını bir nöqtədə cəmlənir.
Sürücülər bildirirlər ki, əsas girişin qarşısında avtobus dayanacağının yerləşməsi də vəziyyəti daha da çətinləşdirir. Avtobusların dayanması, yaşayış kompleksinə daxil olmaq və çıxmaq istəyən avtomobillərin hərəkəti ilə yanaşı, əsas yolda nəqliyyat vasitələrinin sıxlığını artırır.
Məsələ ilə bağlı Saray MTK-nın mövqeyini də öyrəndik. MTK-dan bildirilib ki, kompleksin əlavə iki girişinin açılması nəzərdə tutulub. Lakin bunun üçün əvvəlcə əsas girişin qarşısında, işıqforun altında yerləşən avtobus dayanacağının yerinin dəyişdirilməsi vacibdir. Bundan sonra MTK sakinlərin haqlı narazılığını tam aradan qaldıra bilər.















NİZAMİ RƏSULOV
Denmedia.az

