Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Regional Mərkəzi Sumqayıtda ümumtəhsil məktəblərinin 2-ci, 5-ci və 6-cı sinif rəhbərləri üçün mülki müdafiə kursları keçirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, təlimin məqsədi məktəblərdə mülki müdafiə mövzusunu tədris edən müəllimlərin bilik və praktiki bacarıqlarının artırılması olub.
Kurslar çərçivəsində iştirakçılara fərdi mühafizə vasitələrindən istifadə qaydaları, təbii və texnogen xarakterli fövqəladə hallar zamanı düzgün davranış, həmçinin təxliyə planlarının hazırlanması barədə məlumat verilib.
Bundan əlavə, dinləyicilərə mülki müdafiə tədbirləri, yanğın və texniki təhlükəsizliklə bağlı məlumatlar təqdim olunub. Müvafiq mövzular üzrə fotoslaydlar və videomateriallar nümayiş etdirilib.
Təlimin sonunda mütəxəssislər kurs iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.



