“Sabah Alyaskada keçiriləcək Tramp-Putin görüşünün təşəbbüskarı Rusiya prezidentidir. Görüş onun xahişi ilə təşkil olunur. Müzakirə olunacaq məsələlər, xüsusilə ərazi mübadiləsi, ABŞ tərəfinin təklifidir. Trampın xüsusi nümayəndəsi bu təklifi Putinə çatdırıb və görünür, Putin müəyyən hissələri qəbul etdiyindən görüşü təklif edib. Sabahkı görüşdə Tramp və Putin eyni mövqeyə gələ bilər və nəticədə Rusiyaya qarşı tətbiq olunan sanksiyaların bir hissəsi götürülə bilər. Razılaşma əldə olunmasa, Tramp əvvəlki kimi Putindən narazı qalaraq Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini gündəmə gələ bilər”.
Denmedia.az xəbər verir ki, bu
sözləri Moderator.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.
Politoloqun sözlərinə görə, görüş Avropa və Ukrayna tərəfindən ciddi narahatlıqla qarşılanıb:
“Ərazi mübadiləsinin müzakirəsi xüsusilə Ukraynada və Avropada təşviş doğurub. Dünən Avropa liderləri və Ukrayna prezidenti Trampla əlaqə saxlayaraq onu inandırmağa çalışıblar ki, Rusiya ilə ABŞ-ın yaxınlaşması həm Ukraynanın, həm Avropanın, həm də ABŞ-ın maraqlarına cavab vermir. Lakin Trampın bunu tam qəbul etməsi ehtimalı aşağıdır, çünki o, Rusiyaya qarşı ciddi bir vasitəyə malik olmadığını anlayır. Avqustun 8-də yeni sanksiyalarla hədələsə də, Tramp özü də əvvəldən bilirdi ki, bunun nəticəsi məhdud ola bilər, çünki Rusiya sanksiyalardan qaçmağı bacarır. Bu səbəbdən Tramp Rusiya ilə razılaşmaya getmək yolunu seçib. Bu, Avropa və Ukrayna üçün əsas narahatlıq mənbəyidir. Əgər ABŞ və Rusiya eyni mövqedən çıxış etməyə başlasa, Ukrayna ağır və çıxılmaz vəziyyətlə üzləşə bilər.
Tərəflərin konkret razılaşmalara nail olma ehtimalı yüksək görünür. Trampın görüş ərəfəsində verdiyi bəyanatlar göstərir ki, onun mövqeyi Zelenskidən daha çox Putinə yaxındır. Əsas razılaşma isə ərazi məsələsi ətrafında formalaşa bilər.
Rusiya atəşkəsə razı olmaq üçün əvvəlki şərtlərdən fərqli olaraq yeni tələb irəli sürüb: Donetsk vilayətinin təxminən 20–25 faizi Ukraynanın nəzarətindədir və Rusiya tələb edir ki, bu ərazi Ukrayna tərəfindən boşaldılsın, Rusiyaya verilsin və bunun müqabilində atəşkəs başlasın. Sonrakı mərhələdə Xerson və Zaporojye məsələsi müzakirə olunmalıdır. Putin bu ərazilərin də təxminən 20–25 faizinin Ukraynanın nəzarətində olduğunu qeyd edir və onların da boşaldılmasını istəyir. Bunun qarşılığında Rusiya, Sumu, Dnepropetrovsk və Zaporojye vilayətlərindən tutduğu təxminən 5–6 min kvadrat kilometrlik ərazini Ukraynaya verməyə hazırdır. Yəni orta hesabla, Rusiya 10–15 min kvadrat kilometrlik ərazi müqabilində Ukraynaya 5–6 min kvadrat kilometr təklif edir. Belə bir ərazi mübadiləsi ilə müəyyən razılaşmalar imzalamaq mümkün görünür.Trampın bu mövqeyi qəbul etməyə meyilli olduğu bildirilir. Dünənki zənglərdən sonra mövqeyini dəyişməsə, ABŞ və Rusiya arasında sülh və razılaşma əldə oluna bilər. Bu, təbii ki, Ukraynanın durumunu xeyli ağırlaşdıracaq. Arzu edərdik ki, belə bir razılaşma əldə olunmasın; bu, həm də Azərbaycanın maraqlarına uyğundur”.
Politoloq vurğulayıb ki, Tramp atəşkəs qarşılığında Ukrayna ərazilərini Rusiyaya güzəştə gedə bilməz. Belə qərarı yalnız Zelenski verə bilər və o da deyir ki, konstitusiya buna imkan vermir. Tramp isə kəskin cavab verib: müharibəyə başlayanda konstitusiya yadına düşməmişdi, indi niyə xatırlanır? Hərçənd ki, müharibəyə Zelenski başlamayıb, Putin başlayıb:
“Bu bəyanatla Tramp mövqeyini açıq göstərir: o, Ukraynanın atəşkəsə getməsini, ərazi güzəştlərinin isə bu kontekstdə müzakirə olunmasını istəyir. Tamamilə mümkündür ki, ABŞ və Rusiya bu məsələdə eyni mövqeyə gəldikdən sonra Zelenskidən təzyiq ediləcək ki, güzəştə getsin. Ərazinin boşaldılması və digər məsələlərin müzakirəsi ssenarisi reallaşa bilər. Belə vəziyyət təhlükəli nəticələr doğura bilər.
Avropa İttifaqı Trampla Putinin razılaşmasının qarşısını almaq üçün əlindən gələni edir. Dünənki telefon danışıqları da bununla bağlı idi – Trampın razılaşmasının təhlükəli və Avropanın maraqlarına uyğun olmadığını göstərmək məqsədi daşıyırdı. Lakin çox güman ki, Tramp artıq mövqeyini müəyyənləşdirib və burada Avropanın təsir imkanları məhduddur. Üstəlik, Avropada da fikir ayrılıqları mövcuddur: Almaniya, Fransa və Böyük Britaniyanın mövqeləri bir-birindən fərqlənir”.
“Əgər ABŞ Rusiya ilə razılaşsa və bunu Ukraynaya qəbul etdirməyə çalışsa, Zelenski bunu qəbul etməyəcək. Lakin problem ondadır ki, ABŞ-dan gələn silahlar olmadan Zelenski necə döyüşə biləcək? Avropa yardımları artırılsa da, hələ ki, ciddi dəstək ortaya qoyulmayıb. Ukraynada istifadə olunan silahların təxminən 30%-dən çoxu ABŞ istehsalıdır və ən vacib silahlardır. Bu silahlar verilməsə, Avropa təkbaşına Ukraynanı bu vəziyyətdən çıxara bilməz. ABŞ-ı razı salmağa çalışmanın əsas səbəbi də bu çarəsizlikdir.
Əgər Tramp Putinin mövqeyini tam qəbul edərsə və Alyaskada razılaşma olsa, Avropa və Ukrayna ciddi çətin vəziyyətlə üzləşə bilər. ABŞ istəyib ki, görüş onun ərazisində keçirilsin; bu Tramp üçün simvolik əhəmiyyət daşıyır – Putin onun ərazisinə gəlib və planını müzakirə etmək istəyib. Alyaska seçiminin həm tarixi, həm də simvolik səbəbləri var. Bu ərazi bir zamanlar Rusiyanın olub və ABŞ-a satılıb. Tarixi köklər və ərazinin ABŞ-ın sərhədlərində olması Alyaskanı görüş üçün uyğun yer edib,”- deyə Abutalıb Səmədov qeyd edib.