Ukrayna prezidenti Volodimir Zelenski Donbasda azad iqtisadi zonanın (AİZ) yaradılması məsələsini ümumukrayna referenduma çıxarmağa hazır olduğunu bəyan edib. Sözügedən model tərəflərin təmas xəttindən bir neçə kilometr geri çəkilməsini nəzərdə tutur.
Zelenski bu barədə Fox News telekanalına müsahibəsində danışaraq bildirib ki, bu format münaqişənin nizamlanması çərçivəsində mümkün kompromis kimi nəzərdən keçirilir. Onun sözlərinə görə, Ukrayna və Rusiya qoşunlarını sinxron şəkildə geri çəkməli, bundan sonra isə ərazidə aydın qaydalarla tənzimlənən xüsusi iqtisadi rejim tətbiq olunmalıdır.

