Ukrayna prezidenti Volodimir Zelenski və onun Avropadakı müttəfiqləri ABŞ prezidenti Donald Trumpin Kiyevə dəstəyi azalda biləcəyindən və “Avropa dövlətlərini dağıdılmış ölkənin dəstəyinin maliyyə yükü ilə tək buraxa biləcəyindən” ehtiyat edir.
Bu barədə Reuters Zelenski ilə Tramp arasında 28 dekabr bazar günü Florida ştatında, Mar-a-Laqo iqamətgahında keçiriləcək görüş ərəfəsində məlumat yayıb. Agentliyin qeyd etdiyi kimi, bu müddətdə Rusiya yeni əraziləri nəzarətə götürməyə davam edə bilər.
Axios yazır ki, Zelenski Vaşinqtonun Ukrayna qoşunlarının Donbasdan tam çıxarılması tələbinə dair mövqeyini yumşaltmağa ümid edir. Əks halda, onun fikrincə, regionun gələcəyi Ukrayna cəmiyyətinin referendumda verdiyi qərarla müəyyənləşdirilməlidir. ABŞ administrasiyası referendum ideyasını irəliyə doğru mühüm addım və Kiyevin artıq ərazi güzəştlərini istisna etmədiyinə dair siqnal kimi dəyərləndirib.
Financial Times isə bildirir ki, Zelenski 27 dekabrda Avropa liderləri ilə söhbətində, Rusiya tərəfindən eyni addımlar atılacağı təqdirdə, Ukrayna qoşunlarının cəbhə xəttindən geri çəkilməsinə hazır olduğunu deyib. Kiyev demilitarizasiya olunmuş zonanın yaradılmasını, Ukrayna ərazisində Avropa qoşunlarının yerləşdirilməsini və Ukrayna Silahlı Qüvvələrinin sabit maliyyələşdirilməsini, o cümlədən HHM sistemlərini tələb edir.
Financial Times mənbələrinin sözlərinə görə, Zelenski Moskvanın Kiyevin təqdim etdiyi 20 maddəlik sülh planını qəbul edəcəyini gözləmir və bundan sonra ABŞ-ın diqqətini Rusiyaya təzyiqə yönəldəcəyinə ümid edir.
Zelenski bu sülh planını 24 dekabrda təqdim edib. Sənədə hücum etməmək barədə razılaşma, əsirlərin tam mübadiləsi, seçkilərin keçirilməsi, eləcə də ABŞ və Avropa İttifaqı ilə birlikdə, Rusiyanın iştirakı olmadan Zaporojiya AES-in idarə olunması daxildir. Vaşinqton isə Moskvanın AES-in idarə edilməsində iştirakına və ABŞ-ın əsas menecer rolunu üzərinə götürməsinə imkan verə biləcəyini istisna etmir.
Zelenski həmçinin bildirib ki, ən azı 60 günlük atəşkəs əldə olunacağı halda, sülh planını referenduma çıxarmağa hazırdır.

